DÜNYA
Atlantanın altı polis zabiti güc tətbiq etmək həddini aşmaqda ittiham olunur
Vaşinqton, 3 iyun, AZƏRTAC
Corciya ştatının hakimiyyət orqanları Atlanta şəhərinin altı polis zabiti barəsində cinayət ittihamı təqdim ediblər. Bu polis zabitləri polis tərəfindən sui-istifadə hallarına və Corc Floydun ölümünə qarşı etiraz aksiyasında iştirak edən iki şəxsə qarşı güc tətbiq etmək həddini aşmaqda ittiham olunur.
AZƏRTAC Fulton dairəsinin baş prokuroru Pol Hovardın bəyanatına istinadla xəbər verir ki, altı polis zabiti – Roland Klod, Mark Qardner, Lonni Xud, Armond Cons, Villi Sols və Ayvori Striter cümə gününə qədər polisə təslim olunmalıdırlar.
Onlara müxtəlif maddələr üzrə, o cümlədən ağırlaşdırıcı hallarda hücum, təhqiramiz hərəkətlər, etirazçılara odlu silah tuşlanması, habelə əmlaka cinayətkarcasına zərər vurulması maddələri üzrə ittihamlar təqdim edilib. Bu polislərin hərəkətləri kameraya çəkilib. Videodan aşkar görünür ki, şənbə günü baş vermiş iğtişaşlar zamanı həmin polislər Taniya Piliqrimin avtomobilinin şüşələrini qırır və onu dartaraq maşından çıxarır, Messiya Yanqa qarşı elektroşoker tətbiq edirlər.
20 yaşlı Piliqrim və 22 yaşlı Yanq Universitet tələbələridirlər. Minneapolisdə Corc Floydun ölümü ilə əlaqədar etiraz aksiyası zamanı onlar Piliqrimin avtomobilində olublar. Bu vaxt polislər onlara hücum ediblər. Dairə polis idarəsinin rəhbərliyi bildirib ki, Piliqrim və Yanq şəhər administrasiyası tərəfindən tətbiq edilmiş komendant saatı rejimini pozublar.
AZƏRTAC-ın Vaşinqton bürosu