İQTİSADİYYAT
“Atlet-24” kran gəmisinin əsaslı təmiri yekunlaşır
Bakı, 17 aprel, AZƏRTAC
“Atlet-24” kran gəmisinin əsaslı təmiri yekunlaşır.
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, QSC-nin Xəzər Dəniz Neft Donanmasının balansında olan 40 tonluq “Atlet-24” kran gəmisi “Bibiheybət” Gəmi Təmiri Zavodunda əsaslı təmiri yekunlaşır.
Keçən ilin noyabrından başlanan təmir müddətində gəminin sualtı və suüstü hissələrinin təmizlənməsi, rənglənməsi həyata keçirilib. Hərəkət-sükan kompleksi, dib-yan armaturları və protektor qurğuları sazlanıb. Gövdənin yararsız hissələri dəyişdirilib. Baş və köməkçi mühərriklərin nasosları, separatorlar, boru sistemləri, kayutlar və sair yüksək keyfiyyətlə təmir olunub.
Qeyd edək ki, təmir üçün lazımi detallar “Bibiheybət” Gəmi Təmiri Zavodunun Mexaniki təmir bölməsinin Torna sahəsində hazırlanıb. Avadanlıqların işləkliyinə bir daha əmin olmaq üçün gəmi dəniz sınağından keçiriləcək.
Məlumat üçün bildirək ki, “Atlet-24” kran gəmisi 1990-cı ildə Polşada inşa edilib. Uzunluğu 63,8 metr, eni 15 metr olan gəmi 1520 at gücünə malik mühərriklə təchiz olunub və sürəti 11,24 uzeldir.