REGİONLAR
Atletika idman növləri üzrə keçirilən muxtar respublika birinciliyi başa çatıb
Naxçıvan, 9 mart, AZƏRTAC
Naxçıvan Muxtar Respublika Stadionunda Bədən Tərbiyəsi və İdman Gününə həsr edilmiş atletika üzrə muxtar respublika birinciliyi keçirilib. Atletikanın qaçış, yadro itələmə və nizəatma növləri üzrə təşkil edilən yarışın məqsədi uşaq və yeniyetmələrin atletika idman növünə marağını artırmaq, şagirdlərin asudə vaxtlarını səmərəli təşkil etmək, həmçinin xüsusi bacarığı ilə seçilən idmançıları üzə çıxarmaqdan ibarət olub.
Muxtar respublikanın Təhsil Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, tədbirdə Naxçıvan Muxtar Respublikası Atletika Federasiyasının sədr müavini İntiqam Rəhimov çıxış edərək muxtar respublikada idmanın inkişafına göstərilən diqqət və qayğıdan danışıb. Bildirib ki, “2020-2025-ci illər üçün Naxçıvan Muxtar Respublikasında idmanın inkişafına dair Dövlət Proqramı”na uyğun olaraq ötən müddət ərzində muxtar respublikanın şəhər və rayon təhsil müəssisələrində 12 idman növü üzrə 185 idman klubu yaradılıb, həmin idman klubları müasir standartlara cavab verən idman avadanlıqları ilə təmin edilib. Yaradılan şərait muxtar respublikada idmanın müxtəlif növləri üzrə peşəkar idmançıların yetişdirilməsinə, bu sahədə qazanılan nailiyyətlərə, ölkə və beynəlxalq səviyyəli yarışlarda yüksək nəticələrin qazanılmasına səbəb olub.
Vurğulanıb ki, Atletika Federasiyası idmanın bu növünün inkişaf etdirilməsi, yeniyetmə və gənclərin idmana cəlb olunması, idman yarışlarının kütləviliyinin artırılması məqsədilə işini günün tələbləri səviyyəsində qurur. Federasiyanın təşkilatçılığı ilə atletika, ağır atletika və bədii gimnastika idman növləri üzrə muxtar respublikanın şəhər və rayonlarında yaradılan komandalar arasında yarışlar, birinciliklər təşkil edilir, komandaların tərkibinin gücləndirilməsi istiqamətində bütün zəruri tədbirlər görülür.
Sonra keçirilən birinciliyin muxtar respublika mərhələsində yeniyetmə atletlər öz bacarıqlarını göstəriblər. İlk olaraq muxtar respublikanın şəhər və rayon idman klubları arasında keçirilən yarışda oğlan və qız idmançılar arasında atletikanın qaçış, yadro itələmə və nizəatma növlərinin hər biri üzrə oğlan və qızlardan ibarət qalib komandalar muxtar respublika mərhələsində iştirak etmək hüququ qazanıblar.
Maraqlı və gərgin mübarizədən sonra münsiflər heyəti oyunun şərtlərinə riayət edən komandaları qalib elan edib. Beləliklə, yarışın yekun nəticələrinə görə atletikanın qaçış idman növü üzrə oğlanlar arasında 400 metr məsafədə Naxçıvan şəhər komandasının üzvü Əliabbas Səfərov, 800 metr məsafədə Sədərək rayon komandasının üzvü Məşədikamil Əlizadə, qızlar arasında 400 metr məsafədə Sədərək rayon komandasının üzvü Zeynəb Babayeva, 800 metr məsafədə Sədərək rayon komandasının üzvü Aysu Abbasova I yerə, yadro itələmə idman növü üzrə oğlanlar arasında Naxçıvan şəhər komandasının üzvü Əli Rzalı, qızlar arasında Culfa rayon komandasının üzvü Səbinə Əliyeva I yerə, nizəatma idman növü üzrə isə oğlanlar arasında Naxçıvan şəhər komandasının üzvü İsmayıl Orucov, qızlar arasında isə Naxçıvan şəhər komandasının üzvü Günayə Həsənova I yerə layiq görülüblər.