İDMAN
Atletika üzrə 37-ci qış çempionatının açılış mərasimi keçirilib
Bakı, 8 fevral, AZƏRTAC
Fevralın 8-da Respublika Olimpiya Mərkəzində atletika üzrə 37-ci qış çempionatına start verilib.
AZƏRTAC xəbər verir ki, böyüklər arasında keçirilən çempionatda atletlər 60, 200, 400, 800, 1500 və 3000 metr məsafələrə qaçış, 4x200 metr məsafədə estafet qaçışı, uzunluğa, hündürlüyə və üçtəkanla tullanma, eləcə də nüvəitələmə yarışlarında qüvvələrini sınayırlar.
Çempionatın açılış mərasimində çıxış edən Milli Olimpiya Komitəsinin vitse-prezidenti, Azərbaycan Atletika Federasiyasının prezidenti Çingiz Hüseynzadə Prezident İlham Əliyevin ölkəmizdə idmanın inkişafına yüksək diqqət və qayğısı nəticəsində ölkəmizin dünyada idman dövləti kimi tanındığını diqqətə çatdırıb. O, Azərbaycanda idmanın digər növləri kimi, yüngül atletikanın da sürətlə inkişaf etdiyini bildirib, bu baxımdan belə turnirlərin əhəmiyyətini vurğulayıb. Ç.Hüseynzadə bu ilin iyulunda Bakıda Avropa Gənclərinin Yay Olimpiya Festivalının keçiriləcəyini diqqətə çatdıraraq, bu mötəbər turnirlərin Azərbaycan atletləri üçün də böyük sınaq olacağını deyib.
Azərbaycan çempionatında atletlərin göstərdikləri nəticələrin gələcəkdə onların beynəlxalq yarışlarda iştirakına imkan yaradacağını deyən Ç.Hüseynzadə idmançılara uğurlar arzulayıb.
Gənclər və İdman Nazirliyinin məsləhətçisi Sevda Mirzəyeva Azərbaycanda idmanın sürətli inkişafına dövlətin diqqət və qayğısından danışıb, çoxsaylı yerli və beynəlxalq turnirlərin təşkil olunduğunu bildirib. O, ölkəmizdə atletikanın kütləviliyinin artırılması baxımından çempionatın önəmini vurğulayıb.
Çıxışlardan sonra Ç.Hüseynzadə məşqçi və hakim Etibar Hüseynovu anadan olmasının 55 illik yubileyi münasibətilə diplomla təltif edib.
Ümumilikdə 240 idmançının qatıldığı çempionat iki gün davam edəcək. Yarışlarda Bakı şəhəri ilə yanaşı, Gəncə, Naxçıvan və Sumqayıtdan olan atletlər də iştirak edirlər. Çempionatda 17 komanda mübarizə aparır.
Yarışların qalibləri İstanbulda keçiriləcək qapalı məkanlarda Avropa kubokuna və Balkan ölkələrinin iştirakı ilə təşkil olunacaq beynəlxalq turnirə qatılmaq hüququ qazanacaqlar.