İDMAN
Atletika üzrə Antipov momerialının qalibləri Avropa Gənclərinin Olimpiya Festivalına vəsiqə qazana bilərlər
Bakı, 16 fevral, AZƏRTAC
Aleksandr Antipovun xatirəsinə həsr edilmiş XI beynəlxalq turnirin qalibləri Avropa Gənclərinin Yay Olimpiya Festivalına vəsiqə qazana bilərlər.
Bunu Azərbaycan Atletika Federasiyasının üçtəkanla tullanma idmanı üzrə baş məşqçisi Nazim İsrafilov AZƏRTAC-a müsahibəsində deyib.
Turnirdə Azərbaycan atletlərinin uğurla çıxış etdiklərini vurğulayan N.İsrafilov bildirib ki, komandamızın fərqlənən üzvləri iyunda Bakıda keçiriləcək Avropa Gənclərinin Yay Olimpiya Festivalında iştirak edəcəklər. Bu turnir istedadlı idmançılarımız Sabrina Zralova və Ülviyyə Cabbarova üçün rəqabət xarakteri daşıyır. Çünki Avropa Gənclərinin Olimpiya Festivalında hər idman növü üzrə ölkələr bir idmançı ilə təmsil olunacağı üçün mötəbər yarışa vəsiqə uğrunda S.Zralova və Ü.Cabbarova inamla mübarizə aparırlar.