İDMAN
Atletika üzrə Azərbaycan çempionatının ilk gününün qalibləri müəyyənləşib
Bakı, 25 may, AZƏRTAC
Mayın 25-də Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda atletika üzrə ölkə çempionatı start götürüb.
AZƏRTAC xəbər verir ki, çempionatda 15 klubdan 100-dən artıq atlet birincilik uğrunda mübarizəyə qoşulub.
Atletikanın 25 növü üzrə keçirilən çempionatın ilk günündə qaçış, tullanma və atma yarışları təşkil olunub. Çempionatda Azərbaycan idmançıları ilə yanaşı, gürcüstanlı atletlər də iştirak edirlər.
Turnirin ilk günündə qadınlar arasında nüvəitələmə yarışında Günel Hüseynova, hündürlüyə tullanmada İlahə Salyamova və üçtəkanla tullanmada Sabrina Zralova bütün rəqiblərini qabaqlayaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.
Yüz metr məsafəyə qaçış yarışında Zəkiyyə Həsənova qızıl medal qazanıb. Lamiyə Vəliyeva 400, Rəqsil Rəcəbli isə 1500 metr məsafəyə qaçış yarışlarında fərqləniblər.
Kişilərin mübarizəsində Rahib Məmmədov 100, Hakim İbrahimov 400, Elman Abışov isə 1500 metr məsafəyə qaçış yarışlarında qızıl medala sahib olublar.
Hündürlüyə tullanma yarışında Heybət Salayev, üçtəkanla tullanmada isə Rüstəm Məmmədov birinci yeri tutublar.
Yarışın baş hakimi Ceyhun Hüseynov, baş katibi isə Natalya Kafarovadır.
Çempionata mayın 26-da yekun vurulacaq.