İDMAN
Atletika yarışları başa çatıb [YENİLƏNİB] VİDEO
Birinci Avropa Oyunları çərçivəsində Bakı Olimpiya Stadionunda keçirilən atletika yarışları qalibi 458,5 xalla Slovakiya komandası olub. İkinci və üçüncü yerləri isə 458 və 439 xalla Avstriya və İsrail komandaları tutub.
Yarışın son nəticələrinə görə, Azərbaycan komandası 387 xalla 5–ci yerdə qərarlaşıb.
20:38
Hazırda qadınların 4x400 metr məsafəyə estafet yarışına start verilib. Bu komanda yarışında ölkəmizi Şəfa Məmmədova, Adilə Məmmədli, Zəkiyyə Həsənova və Anastasiya Komarova təmsil edirlər.
Sonra isə sonuncu yarış – kişilər arasında 4x400 metr məsafəyə estafet yarışı keçiriləcək. Azərbaycan bu yarışda Vadim Ryabixın, Arif Abbasov, Elmir Cəbrayılov və Hakim İbrahimov ilə təmsil olunacaq.
20:32
Kişilər arasında üçtəkanla tullanma yarışında idmançımız Nazim Babayev ümidləri doğruldaraq birinci olub.
Qadınlar arasında 5000 metr məsafəyə qaçış yarışında isə Azərbaycan təmsilçisi Bontu Megersa finiş xəttini ikinci keçib.
19:55
Kişilər arasında 3000 metr məsafəyə qaçış yarışında atletimiz Hayle İbrahimov yenə də finiş xəttini birinci keçib. Bu qələbə birinci Avropa Oyunlarının atletika yarışlarında onun üçüncü qələbəsidir.
19:49
Kişilər arasında 3000 metr məsafəyə qaçış yarışına start verilib. Ölkəmizi bu mübarizədə dünənki qaçış yarışlarının ikinövündə finiş xəttinə birinci çatan Hayle İbrahimov təmsil edir.
19:32
Qadınlar arasında 1500 metr məsafəyə qaçış yarışına start verilib. Ölkəmizi bu yarışda da Çaltu Beji təmsil edir.
19:30
Qadınların 200 metr məsafəyə qaçış yarışı sona çatıb. Yarışda Azərbaycanı Valeriya Balyanina təmsil edib.
Kişilər arasında 200 metr məsafəyə qaçış yarışında isə ölkəmizi Vadim Ryabixin təmsil edib.
Hazırda kişilərin üçtəkanla tullanma yarışına start verilib. Bu yarışda Azərbaycan idmançısı Nazim Babayev mübarizə aparır.
Son nəticələrə əsasən Azərbaycan komandası 303 xalla 5–ci yerdədir.
18:47
Kişilər arasında sədlərlə 110 metr məsafəyə qaçış yarışında ölkəmizi təmsil edən Rahib Məmmədov finiş xəttini ikinci keçib.
18:36
Hazırda kişilər arasında diskatma və sədlərlə 110 metr məsafəyə qaçış, həmçinin qadınların kürə itələmə yarışları keçirilir. Ölkəmizi bu yarışlarda İsmayıl Əliyev, Rahib Məmmədov və Hanna Skidan təmsil edirlər.
17:28
Bakı, 22 iyun, Türkan Abdullayeva, AZƏRTAC
Qadınlar arasında çəkicatma yarışında ölkəmizi təmsil edən Hanna Skidan ikinci yerə çıxıb.
Bu yarışda ilk üç yerin qalibi Rio-de-Janeyroda təşkil olunacaq Olimpiya Oyunlarına vəsiqə qazanacaq.
Qadınlar arasında uzunluğa tullanma və sədlərlə 100 metr məsafəyə qaçış yarışlarına start veriləcək. Azərbaycanı uzunluğa tullanmada Yekaterina Sarıyeva, sədlərlə 100 metr məsafəyə qaçış yarışında isə Yekaterina Sokolova təmsil edəcək.
16:18
İyunun 22-də Bakı Olimpiya Stadionunda birinci Avropa Oyunlarının atletika yarışlarının sonuncu gününə start verilib.
AZƏRTAC xəbər verir ki, kişilər və qadınlar arasında 40 növ üzrə müəyyən edilmiş atletika yarışlarından bu gün 19-u üzrə mübarizə aparılacaq.
İlk olaraq qadınlar arasında çəkicatma və kişilərin şüvüllə tullanma yarışları keçirilir.
Bu yarışlarda ölkəmizi Hanna Skidan və Şimşək Əlizadə təmsil edirlər.
Yarışlar başa çatandan sonra qaliblər mükafatlandırılacaq.