Atmosfer haqqında məlumat almaq üçün smartfonlardan istifadə olunacaq
AzerTAg.az

Bakı, 28 mart, AZƏRTAC
“Camaliot” şirkətinin tədqiqatçıları atmosfer haqqında daha çox məlumat əldə etmək üçün istifadəçilərin telefonlarına yönəlmiş peyk siqnallarından istifadə edəcəklər.
AZƏRTAC xəbər verir ki, “Hightech”in məlumatına görə, bu, havanı daha dəqiq proqnozlaşdırmağa kömək edəcək.
Ölçmək üçün istifadə ediləcək “Camaliot” tətbiqi siqnalın gücünü, onun qəbul olunma vaxtını və peyklə telefon arasındakı məsafəni izləmək üçün məlumat toplayır. Dünyanın hər yerindən toplanmış məlumatlarla alimlər nəzəri olaraq su buxarını ölçmək üçün onu hava göstəriciləri ilə birləşdirə biləcəklər.
Onlar, həmçinin Yerin ionosferindəki dəyişiklikləri izləyə bilirlər. Dəqiq ionosfer proqnozlarının verilməsi kosmosda havanın vəziyyətini izləməyə və qlobal naviqasiya peyk sistemlərini (GNSS) daha dəqiq müəyyənləşdirməyə kömək edəcək.
Şirkətdən bildiriblər ki, smartfonlardan geniş şəxsi məlumatların toplanması zərurəti elmi məqsədlər və təbiətin vəziyyətinin monitorinqi üçün lazımdır.
Tətbiq telefonların və digər qəbuledicilərin sabit orbiti saxlayan peyklər şəbəkəsindən gələn siqnalları axtarması ilə işləyir. Peyklər vaxt və onların yeri ilə bağlı mesajlar göndərir və telefonlar siqnalın cihaza hansı müddətə çatdığını qeyd edir. Smartfonlar peyklərin harada olduğunu dəqiqləşdirmək üçün bu məlumatlardan istifadə edir.
Xəbərin mətnində orfoqrafik səhv var