CƏMİYYƏT
Atmosfer havasına tullantıların atılmasına görə zavodun sahə rəisi cərimələnib

Bakı, 8 noyabr, AZƏRTAC
Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Heydər Əliyev adına Bakı Neft Emalı Zavodundan havaya tullantı atılması ilə bağlı daxil olan məlumat əsasında ətraf ərazilərdən götürülən nümunələrin üzərində aparılan analizlərin nəticələri məlum olub.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, nəticələrə görə qaz birləşmələrinin sanitar normadan artıq olduğu müəyyənləşib.
Faktla bağlı zavodun hüquqi şəxs qismində məsuliyyətə cəlb edilməsi üçün sənədlər məhkəməyə göndəriləcək. Zavodun 3 saylı istehsalat sahəsinin 31 nömrəli katalitik riforminq qurğusunun sobasında texnoloji prosesin pozulması nəticəsində atmosferə zərərli tullantıların atılmasına görə isə cavabdeh olan sahə rəisi Fərhad Fiqarov barəsində protokol tərtib edilib. O, vəzifəli şəxs qismində İnzibati Xətalar Məcəlləsinə əsasən 4000 manat məbləğində cərimələnib.
Baş vermiş qəzanın səbəblərinin araşdırılması, gələcəkdə belə hallara yol verilməməsi, eləcə də texnoloji prosesin pozulmasında təqsirli olan digər şəxslərin müəyyənləşdirilib məsuliyyətə cəlb edilmələri üçün zavoda icrası məcburi olan “məcburi göstəriş” verilib.