CƏMİYYƏT
Atmosfer havasının keyfiyyətinə nəzarət məqsədilə növbəti monitorinqlər keçirilib
Bakı, 21 aprel, AZƏRTAC
Milli Hidrometeorologiya Xidmətinin əməkdaşları tərəfindən atmosfer havasının keyfiyyətinə nəzarət məqsədilə aprelin 21-də Bakı şəhərinin müxtəlif ərazilərində monitorinqlər həyata keçirilib, havada tozun miqdarı üzrə ölçmələr aparılıb.
Xidmətin əməkdaşı Gülnarə Abbasova AZƏRTAC-a bildirib ki, monitorinqlər zamanı havada tozun miqdarı Nərimanov parkı ərazisində 1.3, Heydər Əliyev prospektində 1.1, Koroğlu metro stansiyası yaxınlığında 1.4, Neftayırma zavodunun ətrafında 1.1, 8 Noyabr prospektində 1.4, Xətai rayonunda isə 1.5 dəfə normadan yüksək müəyyən edilib: “Atmosfer havası üzrə avtomatik stansiyalardan əldə olunan məlumatlara əsasən Bakı şəhəri Heydər Əliyev, Babək, Qara Qarayev prospektləri, Bayıl yamacı ərazisi və Sumqayıt şəhərində havada azot 4-oksid, azot 2-oksid, kükürd və dəm qazı, hidrogen sulfid kimi qaz birləşmələri norma daxilində qeydə alınıb”.