CƏMİYYƏT
Atmosferə tullantıların atılmasına görə sexə cavabdeh şəxs cərimələnib
Bakı, 29 yanvar, AZƏRTAC
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları paytaxtın Binəqədi rayonunun Ə.Rəcəbli küçəsi 30/97 ünvanında fəaliyyət göstərən metaləritmə sexindən atmosferə tullantı atılması ilə bağlı növbəti araşdırma və monitorinq keçiriblər.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, monitorinq zamanı atmosferə atılan tullantıların miqdarının bu dəfə də normadan artıq olduğu müəyyənləşib.
Qeyd edək ki, nazirlik tərəfindən ötən ilin noyabrında sex barəsində akt, protokol tərtib olunub və müasir standartlara cavab verən təmizləyici qurğunun quraşdırılması ilə bağlı sexə icrası məcburi olan müddətli “məcburi göstəriş” verilib. "Məcburi göstəriş"in tələblərini yerinə yetirmədiyi üçün sexə cavabdeh şəxs A.Aslanov barəsində yenidən protokol tərtib edilib və o vəzifəli şəxs qismində 4800 manat məbləğində cərimələnib.