REGİONLAR
Atmosferi çirkləndirən nəqliyyat vasitələrinin sürücüləri cərimələniblər
Masallı, 18 iyun, Bağır Əliyev, AZƏRTAC
Respublika ərazisində keçirilən “Təmiz hava” aylığı çərçivəsində Masallı Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları tərəfindən rayonda nəqliyyatın sıx olduğu yerlərdə nəzarət-profilaktiki tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, bu məqsədlə Masallı Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları tərəfindən nəqliyyatın hərəkətinin sıx olduğu küçə və prospektlərdə növbəti tədbirlər təşkil olunub. Sürücülərlə bir daha izahat işləri aparılıb və diqqətə çatdırılıb ki, istifadələrində olan avtomobillərin yanacaq sistemini tənzimləməklə onları saz vəziyyətə gətirməli, ixrac qazlarının tərkibinin normalara uyğunlaşdırılmasını təmin etdikdən sonra istismarına yol verməlidirlər.
Reyd zamanı standartlara cavab verməyən avtomobillərin sürücüləri barəsində inzibati qaydada tədbirlər görülüb.