DÜNYA
Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin nümayəndələrinin İranın nüvə obyektlərində monitorinq aparmaları qadağan edilib
Tehran, 23 fevral, AZƏRTAC
Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) nümayəndələrinin monitorinq üçün İranın nüvə obyektlərinə daxil olması fevralın 23-dən qadağan edilib.
AZƏRTAC xəbər verir ki, İrana qarşı tətbiq edilən iqtisadi sanksiyalar sərtləşdirildiyi üçün ölkə parlamenti AEBA müfəttişlərinin nüvə obyektlərində monitorinq aparmalarının qadağan olunmasına dair qanun qəbul edib. Cari ilin yanvarında qəbul olunan qanun fevralın 23-də qüvvəyə minib.
Bu barədə İran hökumətinin rəsmisi Əli Rəbbi Tehranda keçirdiyi mətbuat konfransında məlumat verib. O bildirib ki, ABŞ-ın yeni prezidenti sanksiyaları aradan qaldırmalı və üzərinə düşən öhdəliyi yerinə yetirməlidir. Bundan sonra danışıqları davam etdirmək olar.
İranın AEBA yanında daimi nümayəndəsi Kazım Qəribabadi isə deyib ki, qanunun qüvvəyə minməsi rəsmi Tehranın AEBA ilə əməkdaşlıq etməyəcəyi anlamına gəlmir. Sanksiyalar üç ay müddətində aradan qaldırılarsa, İran nüvə obyektləri barədə AEBA–ya lazımi məlumatları verəcək. Əgər sanksiyalar ləğv edilməsə, İran nüvə obyektləri barədə məlumatları heç kimə verməyəcək.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran