DÜNYA
Atom bombardmanının şahidləri BMT-nin tərksilah üzrə yüksək nümayəndəsi ilə görüşüblər
Tokio, 20 iyun, AZƏRTAC
Atom bombardmanının şahidləri ümid etdiklərini bildiriblər ki, BMT nüvə silahına malik ölkələrlə bu silaha sahib olmayan ölkələr arasında nüvə silahının hüquqi cəhətdən ləğvi barədə müqavilənin imzalanmasında vasitəçi rolunun öhdəsindən gələcək.
Hiroşimanın və Naqasakinin atom bombardmanının şahidi olmuş sakinləri, həmçinin nüvə silahının ləğvini tələb edən təşkilatların nümayəndələri iyunun 19-da BMT-nin tərksilah məsələləri üzrə yüksək nümayəndəsi xanım İzumi Nakamitsu ilə görüşüblər.
Hazırda BMT-nin mənzil-qərargahında nüvə silahının ləğvi ilə əlaqədar danışıqlar aparılır. Bir çox nüvə dövlətləri, o cümlədən ABŞ və Yaponiya bu danışıqlarda iştirak etmirlər. Onların nümayəndələrinin bildirdiyinə görə, bu danışıqların əməli nəticəsi olmayacaq.
Bildirilir ki, İ.Nakamitsunun rəyinə görə, nüvə dövlətlərinin iştirakını təsdiq edən müqavilə imzalanmalıdır. BMT-nin yüksək nümayəndəsi əlavə edib ki, atom bombardmanını yaşamış insanların fikirlərini bütün dünyaya çatdırmağa çalışacaq və dünya ictimaiyyətindən buna dəstək verməyi xahiş edib.
Danışıqların moderatoru ümid etdiyini bildirib ki, müqavilə iyulun 7-dək, yəni onun vaxtının başa çatmasınadək imzalanacaq.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio