CƏMİYYƏT
Ətraf mühit mikroblu maddələrin rezervuarına çevrilir
Bakı, 6 dekabr, AZƏRTAC
Son illər ətraf mühit mikroblu maddələrin və xəstəliktörədən rezistent mikroorqanizmlərin rezervuarına çevrilməkdədir. Onlar təbiətə əczaçılıq müəssisələrindən axan çirkab sular, kənd təsərrüfatı və sənaye tullantıları vasitəsilə daxil olur. Vaxtı ötmüş və ya istifadə olunmayan dərmanları zibilliklərə atırlar.
AZƏRTAC BMT-nin Xəbərlər Mərkəzinə istinadla xəbər verir ki, bu barədə qurumun Ətraf Mühit Proqramının (UNEP) yeni məruzəsində deyilir. Məruzə müəllifləri qeyd edirlər ki, məhz ətraf mühit antibiotiklərin davamlılığını formalaşdıran əsas amillərdən biridir.
Antibiotik əczaçılıq preparatlarından bütün dünyada insanların, heyvanların, hətta bitkilərin də məruz qaldığı bakterial yoluxmaların müalicə və profilaktikasında istifadə edilir. Bununla yanaşı, antibiotiklər heyvandarlıqda artım stimulyatoru kimi istifadə olunur. Antibiotikin həddindən artıq qəbulu onların tullantı şəklində ətraf mühitə düşməsinə və davamlılığının artmasına gətirib çıxarır.
Məsələn, Heydərabad yaxınlığında (Hindistan) yerləşən Patançeru şəhərindəki sutəmizləmə stansiyasında 90 əczaçılıq müəssisəsindən hər gün axıb gələn çirkab sular təmizlənir. Sonra bu sular bir çox çayların qidalandığı İsakavaqu su hövzəsinə axıdılır.
Beynəlxalq tədqiqatçılar qrupu tullantı suların təhlili nəticəsində aşkar ediblər ki, bu suların tərkibində geniş təsir dairəsinə malik olan siprofloksatsin adlı antibiotikin qatılığı gündə 44 min insanın müalicəsini əhatə edə bilən dərəcədədir. Bu, yeganə hadisə deyil. Sutəmizləmə stansiyaları bütün antibiotikləri və rezistent bakteriyaları təmizləməyə imkan vermir.
Deməli, müəyyən qatılıq dərəcəli antibiotikləri çaylarda, çöküntü süxurlarında və torpaqda aşkar etmək mümkündür. Bu amil rezistent bakteriyaların təkamülünün hərəkətverici qüvvəsidir: nə vaxtsa bizi qoruyan dərman vasitələri indi tədricən sağlamlığımızı korlayır.