CƏMİYYƏT


Ətraf mühitə çirkləndirici maddələrin atılmasına görə ödəniş normativləri dəyişdirilib

Bakı, 19 avqust, AZƏRTAC

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov “Təbii ehtiyatlara görə ödəmələrin, çirkləndirici maddələrin təbii mühitə atılmasına görə ödəmələrin tətbiqi və həmin ödənişlərdən əmələ gələn vəsaitdən istifadə haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 3 mart tarixli 122 nömrəli Qərarında dəyişiklik edilməsi barədə Qərar imzalayıb.

Nazirlər Kabinetinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Qərar ətraf mühitə çirkləndirici maddələrin atılmasına görə ödəniş normativlərinin yeni iqtisadi şəraitə uyğunlaşdırılması və təbiətdən istifadəçilərin ətraf mühitin mühafizəsi sahəsində fəaliyyətinin tənzimlənməsi, tullantıların atılmasına, axıdılmasına və yerləşdirilməsinə görə onların məsuliyyətinin artırılmasına nail olmaq məqsədilə qəbul edilib.

Qeyd olunub ki, Azərbaycanda iqtisadiyyatın müxtəlif sahələrinin inkişafı nəticəsində ətraf mühitə təsirlər getdikcə artmaqdadır. Təsərrüfat və digər fəaliyyətlər üçün müəyyən edilmiş ekoloji və texnoloji tələblərə, qüvvədə olan standartlara və ətraf mühitin kəmiyyət, keyfiyyət normativlərinə riayət etmək, ətraf mühitin mühafizəsi və təbii resursların bərpası üzrə tədbirləri həyata keçirmək üçün ətraf mühitin çirkləndirilməsinə görə ödəniş normativlərinin yenilənməsinə zərurət yaranmışdır.

Belə ki, qüvvədə olan mövcud qiymətlər 1992-ci ilin iqtisadi göstəricilərinə görə təsdiq edilmişdir ki, bu da hazırkı dövrün tələblərinə cavab vermir və ölkənin iqtisadi inkişafı ilə uzlaşmır. Bu normativlər ötən dövr ərzində baş vermiş iqtisadi devalvasiyalar nəticəsində öz təsir qüvvəsini itirmişdir və buna görə də müəssisələr qarşısında ciddi məsuliyyət yaratmır.

Ötən dövr ərzində Azərbaycan Respublikası BMT-nin “Təhlükəli tullantıların sərhədlərarası daşınmasına və kənarlaşdırılmasına nəzarət haqqında” Bazel Konvensiyasına qoşulmuş (2001-ci il 16 fevral tarixli Qanun), tullantıların uçotunun və qeydiyyatının aparılması sisteminin təkmiləşdirilməsi məqsədilə Nazirlər Kabinetinin 2003-cü il 30 mart tarixli 41 saylı Qərarı ilə “Təhlükəli tullantıların pasportlaşdırılması Qaydası” və 2008-ci il 25 yanvar tarixli 13 saylı Qərarı ilə “İstehsal prosesində əmələ gələn tullantıların inventarlaşdırılması Qaydası” təsdiq olunmuşdur. Bu Qaydalarda da Bazel Konvensiyasının təsnifat sistemindən istifadə olunur.

Tullantıların idarə olunma sisteminin beynəlxalq tələblərə uyğun təkmilləşdirilməsi də ölkə üçün böyük əhəmiyyət kəsb edir. Lakin bu günədək təhlükəli tullantıların təhlükəlilik xüsusiyyətləri 1985-ci ilin müvəqqəti təsnifat sistemi ilə müəyyənləşdirilirdi. Bu sistem tullantıların təhlükəlilik xüsusiyyətinin ətraf mühitə və insan sağlamlığına zərərli təsirlərini tam əhatə etmir.

Qərar ətraf mühitə çirkləndirici maddələrin atılmasına görə ödəniş normativlərinin yeni iqtisadi şəraitə uyğunlaşdırılması və təbiətdən istifadəçilərin ətraf mühitin mühafizəsi sahəsində fəaliyyətinin tənzimlənməsi, tullantıların atılmasına, axıdılmasına və yerləşdirilməsinə görə onların məsuliyyətinin artırılmasına nail olmağa imkan verəcək.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.