CƏMİYYƏT


Ətraf mühiti plastik tullantılardan qoruyan gənc nəsil yetişir

Bakı, 15 fevral, AZƏRTAC

Fevralın 15-də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzində “Uşaqların gözü ilə plastiksiz həyat” adlı rəsm müsabiqəsinin qaliblərinin mükafatlandırma mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, münsiflər heyətinin tərkibi Respublika Uşaq-gənclər İnkişaf Mərkəzinin peşəkar rəssamları və ekoklubların şagirdlərindən ibarət olub.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji maarifləndirmə və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Səyyarə Məmmədova tədbir haqqında məlumat verib. Bildirib ki, plastik tullantıların ətraf mühitə mənfi təsirinin azaldılmasına dair 2019-2020-ci illər üçün Tədbirlər Planı ölkə rəhbəri tərəfindən təsdiqlənib. Bu plan çərçivəsində müxtəlif istiqamətdə işlər həyata keçirilir. Bunlar plastikə alternativ seçimlərin tapılması, tullantıların çeşidlənməsi və təkrar emal edilməsidir. S.Məmmədova qeyd edib ki, ətraf mühitə həssaslığın artırılmasında gənc nəslin rolu əvəzolunmazdır və buna görə də maarifləndirmə əsasən məktəblərdən başlayır. Məktəblərdə uşaqlara plastik tullantı nədir, onun insanlara və təbiətə ziyanı barədə məlumatlar verilir.

Diqqətə çatdırıb ki, tədbirin keçirilməsində məqsəd məhz uşaqların tullantıların ətraf mühitə təsiri barədə fikirlərinin öyrənilməsi və rəsmçəkmə yolu ilə bunu əks etdirməkdən ibarətdir.

Mərkəzin direktoru Firuzə Sultanzadə bildirib ki, uşaqlar ekoklublara gəlib dərnəklərdə iştirak edir: “Çox şadam ki, nazirlik ekologiyanın qorunması ilə bağlı tədbirlər həyata keçirir. Ekoloqlar gənc yaşlarda da ola bilər. Bu zaman uşaqlar böyüklərə təsir edərək ətraf mühitin çirklənməsinin qarşısını ala bilərlər. Böyüklərə təsir etdikcə bir çox insanlar maariflənəcək. Uşaqlar, eyni zamanda, plastik tullantılardan fiqurlar da yarada bilərlər”.

Qeyd olunub ki, sonradan uşaqların əl işlərini geniş ictimaiyyətə çatdırmaq üçün dəvətnamələrin üz qabığında rəsmlərin təsviri də əks olunacaq.

Sonda ilk üçlüyə düşən qaliblər xüsusi diplom və kitablarla, 10 nəfər uşaq isə həvəsləndirici mükafatlarla təltif olunublar.

Birinci yerə Ümid Nayibov, ikinci yerə Leyla Məhərrəmova, üçüncü yerə isə Rəhimət Feyzullayeva layiq görülüblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.