Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

“Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 12 iyun tarixli 1176-VQD nömrəli Qanununun tətbiqi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 12 iyun tarixli 1176-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. üç ay müddətində:

1.1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.1.2. “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 52-ci və 58-ci maddələrinin 2-ci hissələrinə uyğun olaraq, dövlət və ictimai ekoloji ekspertizanın həyata keçirilməsi qaydasını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin;

1.1.3. həmin Qanunun 52-ci maddəsinin 7-ci və 9-cu hissələrində nəzərdə tutulmuş Ekspert Komissiyası haqqında əsasnaməni Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin;

1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

3. Müəyyən edilsin ki:

3.1. “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 1-ci hissəsinin on üçüncü abzasında, 40-cı maddəsinin 2-ci hissəsində, 52-ci maddəsinin 1-ci, 2-ci, 5-ci, 7-ci, 8-ci (hər iki halda), 9-cu, 10-cu (hər iki halda) və 12-ci hissələrində, 54-cü maddəsinin 1-ci hissəsinin səkkizinci bəndində, 55-ci maddəsinin 1.2-ci bəndində, 56-cı maddəsinin 1-ci hissəsində, 57-ci maddəsinin 1-ci və 3-cü hissələrində, 58-ci maddəsinin 2-ci, 4-cü və 7-ci hissələrində, 58-1-ci maddəsinin 1.2-ci bəndində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

3.2. həmin Qanunun 52-ci maddəsinin 2-ci və 9-cu hissələrində, 54-cü maddəsinin 1-ci hissəsinin səkkizinci bəndində, 56-cı maddəsinin 1-ci hissəsində, 58-ci maddəsinin 2-ci hissəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur;

3.3. həmin Qanunun 1-ci maddəsinin 1-ci hissəsinin on üçüncü abzasında, 40-cı maddəsinin 2-ci hissəsində, 52-ci maddəsinin 1-ci, 7-ci, 8-ci (birinci halda), 10-cu (hər iki halda) və 12-ci hissələrində, 55-ci maddəsinin 1.2-ci bəndində, 57-ci maddəsinin 1-ci və 3-cü hissələrində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi nəzərdə tutulur;

3.4. həmin Qanunun 58-ci maddəsinin 4-cü və 7-ci hissələrində, 58-1-ci maddəsinin 1.2-ci bəndində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi və yerli icra hakimiyyəti orqanları nəzərdə tutulur;

3.5. həmin Qanunun 52-ci maddəsinin 5-ci hissəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, müalicə-sağlamlaşdırma yerləri və kurortlara münasibətdə isə həmçinin Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi nəzərdə tutulur;

3.6. həmin Qanunun 52-ci maddəsinin 8-ci (ikinci halda) hissəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi nəzərdə tutulur.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 5 iyul 2018-ci il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin