Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

“Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 20-ci bəndini rəhbər tutaraq qərara alır:

“Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 8, maddə 472; 2001, № 3, maddə 148; 2002, № 5, maddə 238; 2003, № 4, maddə 178; 2004, № 2, maddə 57, № 4, maddə 201; 2008, № 2, maddə 47; 2009, № 10, maddə 769; 2013, № 3, maddə 209; 2014, № 4, maddə 338, № 10, maddə 1152; 2016, № 12, maddə 2011; 2017, № 2, maddə 142, № 6, maddə 1013) aşağıdakı dəyişikliklər edilsin:

1. 1-ci maddə üzrə:

1.1. 1-ci hissənin on birinci abzasının sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda on ikinci - on altıncı abzaslar əlavə edilsin:

“ekoloji ekspertiza – ekoloji ekspertiza obyektlərinin ətraf mühitə təsirini müəyyən etmək məqsədi ilə həmin obyektlərin müvafiq standartda, texniki reqlamentdə və digər normativ hüquqi aktda müəyyən olunmuş ekoloji tələblərə uyğunluğunun və realizəsinin mümkünlüyünün əvvəlcədən qiymətləndirilməsi;

dövlət ekoloji ekspertizası – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu Qanunla müəyyən edilmiş qaydada və hallarda aparılan ekoloji ekspertiza;

ictimai ekoloji ekspertiza – fiziki şəxslər, qeyri-hökumət təşkilatları, vətəndaşların təşəbbüs qrupları və bələdiyyələrin məhəllə komitələri (bundan sonra – ictimai ekoloji ekspertizanın təşkilatçıları) tərəfindən bu Qanunun tələbləri nəzərə alınmaqla aparılan ekoloji ekspertiza;

dövlət ekoloji ekspertizasının rəyi (bundan sonra – ekoloji ekspertiza rəyi) – dövlət ekoloji ekspertizasının nəticələrinə dair rəsmi sənəd;

ictimai ekoloji ekspertiza rəyi – ictimai ekoloji ekspertizanın nəticələrinə dair tövsiyə xarakterli sənəd.”;

1.2. aşağıdakı məzmunda ikinci hissə əlavə edilsin:

“Bu Qanunda istifadə olunan digər anlayışlar “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında”, “Ekoloji təhlükəsizlik haqqında”, “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının qanunları və başqa normativ hüquqi aktlar ilə müəyyən edilmiş mənaları verir.”.

2. 3-cü maddənin birinci hissəsi üzrə:

2.1. 6-cı abzasda “ətraf mühitin mühafizəsi haqqında qanunvericiliyin” sözləri “bu Qanunun və ətraf mühitin mühafizəsi sahəsində digər normativ hüquqi aktların” sözləri ilə əvəz edilsin;

2.2. 8-ci abzasda “ictimai birliklərin” sözləri “vətəndaş cəmiyyəti institutlarının” sözləri ilə əvəz edilsin;

2.3. 9-cu abzasın sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda onuncu - on üçüncü abzaslar əlavə edilsin:

“ekoloji ekspertizaya təqdim olunan məlumatların dolğunluğu və düzgünlüyü;

ekoloji ekspertizanın həyata keçirilməsində qanunçuluğun, aşkarlığın və şəffaflığın təmin edilməsi;

təbiətdən tənzimlənməyən istifadənin potensial təhlükəliliyinin nəzərə alınması;

ətraf mühitin mühafizəsi tədbirləri barədə əhalinin məlumatlandırılması.”.

3. 4-cü maddə üzrə:

3.1. 1.5-ci bənd ləğv edilsin;

3.2. 1.8-ci bənddən “təsərrüfat fəaliyyətinin ekoloji cəhətdən təhlükəli formalarının siyahısını, onlara xüsusi icazə verilməsi qaydalarını, həmçinin” sözləri çıxarılsın, “oxşar” sözü “ekoloji cəhətdən təhlükəli” sözləri ilə əvəz edilsin;

3.3. 1.12-ci bənd aşağıdakı redaksiyada verilsin:

“1.12. təbiətdən istifadə ilə bağlı “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş lisenziya və icazələri vermək, bu Qanunun 15-ci maddəsinə uyğun olaraq müqavilələr bağlamaq.”.

4. 11-ci maddə aşağıdakı redaksiyada verilsin:

“Maddə 11. Təbiətdən istifadə sahəsində lisenziya və icazə

11.1. “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq təbiətdən istifadə sahəsində lisenziya və ya icazə tələb olunan müvafiq fəaliyyət növləri və ya hərəkətlər belə lisenziya və ya icazə alındıqdan sonra həyata keçirilir.

11.2. Təbiətdən istifadə sahəsində lisenziya və icazə “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq “bir pəncərə” prinsipi əsasında verilir.”.

5. 14-cü maddə ləğv edilsin.

6. 15-ci maddə üzrə:

6.1. 1-ci hissədə “Qanunvericiliklə” sözü “Qanunla” sözü ilə əvəz edilsin;

6.2. 2-ci hissədən “xüsusi” sözü çıxarılsın;

6.3. 3-cü hissənin birinci cümləsində “Xüsusi icazə” sözləri “İcazə” sözü ilə, ikinci cümləsində “Xüsusi icazə geri alınarsa” sözləri “İcazə ləğv edilərsə” sözləri ilə əvəz edilsin;

6.4. 4-cü hissə ləğv edilsin.

7. 21-ci maddənin birinci hissəsində “qanunvericiliklə müəyyən edilmiş qaydada” sözləri “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq akkreditasiya olunmuş uyğunluğu qiymətləndirən qurum tərəfindən” sözləri ilə əvəz edilsin.

8. 30-cu maddə üzrə:

8.1. 3-cü hissədən “xüsusi” sözü çıxarılsın;

8.2. 4-cü hissə ləğv edilsin.

9. 35-ci maddənin ikinci hissəsindən “xüsusi” sözü çıxarılsın.

10. 40-cı maddənin 2-ci hissəsində “dövlət ekoloji ekspertizası orqanının” sözləri “müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) nümayəndələrinin” sözləri ilə əvəz edilsin.

11. 45-ci maddə üzrə:

11.1. birinci hissədə “qanunvericiliyin müəyyən etdiyi” sözləri “qanunla müəyyən edilmiş” sözləri ilə əvəz edilsin, “xüsusi icazə” sözləri “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq lisenziya və ya icazə” sözləri ilə əvəz edilsin.

11.2. ikinci hissədə “olmadıqda müvafiq icra hakimiyyəti orqanlarının xüsusi icazəsi ilə yol verilir” sözləri “olmadan yol verilmir” sözləri ilə əvəz edilsin.

12. 47-ci maddənin 2-ci hissəsində “yalnız müvafiq icra hakimiyyəti orqanının icazəsi ilə” sözləri “beynəlxalq müqavilələrlə müəyyən edilmiş qaydada” sözləri ilə əvəz edilsin.

13. 50-ci maddənin ikinci hissəsi aşağıdakı redaksiyada verilsin:

“Ekoloji ekspertiza dövlət və ictimai ekoloji ekspertiza formalarında həyata keçirilir.”.

14. 51-ci və 52-ci maddələr aşağıdakı redaksiyada verilsin:

“Maddə 51. Ekoloji ekspertizanın məqsəd və vəzifələri

1. Ekoloji ekspertizanın əsas məqsədi ekoloji ekspertiza obyektlərinin ətraf mühitə və insan sağlamlığına birbaşa və ya dolayı mənfi təsirinin və onlarla bağlı nəticələrin aşkar edilməsi, qarşısının alınması və proqnozlaşdırılmasından, qəbul olunan qərarların ekoloji təhlükəsizlik dərəcəsini və ətraf mühitin mühafizəsi üzrə tədbirlərin səmərəsini müəyyən etməkdən ibarətdir.

2. Ekoloji ekspertizanın vəzifələri aşağıdakılardır:

2.1. ekoloji ekspertiza obyektlərinin ekoloji təhlükəsizlik səviyyəsini və ətraf mühitə potensial təsirini tam, hərtərəfli və elmi əsaslandırılmış təhlil əsasında qiymətləndirmək;

2.2. ətraf mühitə bilavasitə və ya dolayısı ilə təsir göstərə biləcək qərarların qəbul edilməsinin qarşısını almaq;

2.3. ekoloji ekspertiza obyektlərinin ətraf mühitin mühafizəsi və təbii ehtiyatlardan istifadə sahəsində normativ hüquqi aktlara uyğunluğunu müəyyən etmək;

2.4. ətraf mühitin mühafizəsi üzrə tədbirlərin səmərəliliyini, dolğunluğunu və tamlığını qiymətləndirmək və onların ekoloji tələblərə uyğunluğunu müəyyən etmək;

2.5. ekoloji ekspertiza obyektlərinin ətraf mühitə potensial təsiri və onun nəticələri barədə maraqlı şəxsləri məlumatlandırmaq.

Maddə 52. Dövlət ekoloji ekspertizasına dair tələblər

1. Dövlət ekoloji ekspertizası bu Qanunun 54-cü maddəsində göstərilən obyektlərə münasibətdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həyata keçirilir.

2. Dövlət ekoloji ekspertizasının həyata keçirilməsi qaydası, “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.

3. Təsərrüfat fəaliyyəti yerin təkindən istifadə ilə bağlı olduqda, həmin fəaliyyətə dair dövlət ekoloji ekspertizası bu işlər “Yerin təki haqqında” Azərbaycan Respublikasının Qanununun 27-ci maddəsinə uyğun olaraq dövlət uçotuna və dövlət qeydiyyatına alındıqdan sonra aparılır.

4. Dövlət ekoloji ekspertizasının obyektləri barədə ekoloji ekspertiza rəyi olmadan sənaye və ərzaq məhsullarının istehsalı, işlərin, xidmətlərin yerinə yetirilməsi və ya Azərbaycan Respublikasının ərazisinə gətirilməsi qadağandır.

5. Dövlət ekoloji ekspertiza obyektləri xüsusi mühafizə olunan təbiət ərazilərinə və obyektlərinə yaxın ərazilərlə bağlı olduqda, dövlət ekoloji ekspertizası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) nümayəndələrinin iştirakı ilə aparılır.

6. Dövlət ekoloji ekspertizası həyata keçirilərkən aşağıdakılar rəhbər tutulur:

6.1. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəliklər;

6.2. ekoloji ekspertiza obyektlərinin ətraf mühitə təsirinin kompleks (sosial-iqtisadi, ekoloji) qiymətləndirilməsinin nəticələri;

6.3. ekoloji tarazlığın, genofondun və canlı təbiətin müxtəlifliyinin qorunub saxlanılmasının təmin edilməsi zərurəti;

6.4. dövlət ekoloji ekspertizasının keyfiyyətinin və ekoloji ekspertiza rəyinin tərəflərin mövqelərindən asılılığının yolverilməzliyi;

6.5. dövlət ekoloji ekspertizası metodologiyasının inkişafı və təkmilləşdirilməsi üçün şəraitin yaradılması zərurəti.

7. İrihəcmli və mürəkkəb ekoloji ekspertiza obyektlərinin, habelə transsərhəd təsirə malik olan ekoloji ekspertiza obyektlərinin dövlət ekoloji ekspertizasının həyata keçirilməsi üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən Ekspert Komissiyası təşkil olunur.

8. Ekoloji ekspertiza obyektlərinin realizəsi zamanı onların transsərhəd təsiri müəyyən edildikdə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) ekspert komissiyasının fəaliyyətinə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanla (qurumla) razılaşdırmaqla maraqlı ölkələrin mütəxəssislərini və beynəlxalq ekspertləri cəlb edir.

9. Ekspert Komissiyasının səlahiyyətləri, fəaliyyət qaydası və tərkibi, onun fəaliyyətinə cəlb edilən ekspertlərə dair tələblər, ekspertlərin hüquq və vəzifələri, habelə dövlət ekoloji ekspertizasının həyata keçirilməsinə beynəlxalq ekspertlərin cəlb edilməsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən Əsasnamə ilə tənzimlənir.

10. Sifarişçi dövlət ekoloji ekspertizasının keçirilməsi üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 29-cu və 30-cu maddələrində nəzərdə tutulmuş qaydada ərizə təqdim edir. Ərizəyə aşağıdakı sənədlər əlavə edilir (müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) özü həmin sənədlər barədə məlumatları “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 18.3-cü maddəsində göstərilən qaydada əldə edə bilmədikdə):

10.1. ərizəçi fiziki şəxs olduqda, şəxsiyyət vəsiqəsinin surəti;

10.2. ərizəçi fərdi sahibkar olduqda, şəxsiyyət vəsiqəsinin surəti və vergi ödəyicisi kimi uçota alınması haqqında şəhadətnamənin surəti;

10.3. ərizəçi hüquqi şəxs, xarici hüquqi şəxsin filialı, nümayəndəliyi olduqda, hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın surəti və vergi ödəyicisi kimi uçota alınması haqqında şəhadətnamənin surəti;

10.4. ərizədə qeyd olunan obyektin üzərində ərizəçinin mülkiyyət, istifadə və ya icarə hüququnu təsdiq edən sənədin surəti (əgər obyektin dövlət ekoloji ekspertizasının keçirilməsi istənilirsə);

10.5. torpaq sahəsindən mülkiyyət, istifadə və ya icarə hüququnu təsdiq edən sənəd;

10.6. dövlət ekoloji ekspertizasının maliyyələşdirilməsini təsdiq edən sənəd;

10.7. nəzərdə tutulan fəaliyyəti barədə məlumat (hər bir istehsalat və xidmət sahəsi göstərilməklə);

10.8. istifadə olunan avadanlıqların texniki sənədləri;

10.9. istehsalatda istifadə olunan əsas və köməkçi xammal növləri barədə məlumat;

10.10. istifadə olunan enerji növləri barədə məlumat;

10.11. müəssisədə su təchizatı və tullantı sularının axıdılması barədə məlumat (texniki şərt);

10.12. əmələ gələn tullantıların idarə olunması, o cümlədən istehsalat tullantılarının təkrar istifadəsinin mümkünlüyü və həcmi barədə məlumat;

10.13. dövlət ekoloji ekspertizası obyektləri üçün layihə sənədlərin hazırlanmasına sərf olunan maliyyə vəsaitinin məbləğinə və ya layihənin ümumi smeta dəyərinə dair sənəd (müqavilə);

10.14. ərazidə aparılmış mühəndisi-geoloji işlərin hesabatı.

11. Dövlət ekoloji ekspertizası bu Qanunun 54-cü maddəsinin birinci hissəsinin 2-ci bəndində göstərilən ƏMTQ sənədlərinə və 8-ci bəndində göstərilən ekoloji ekspertiza obyektlərinə münasibətdə həyata keçirildikdə bu hissənin 10.2-10.10-cu bəndlərində nəzərdə tutulan sənədlər və məlumatların təqdim edilməsi tələb olunmur.”.

12. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) dövlət ekoloji ekspertizasının təşkili və həyata keçirilməsi, habelə ekoloji ekspertiza rəyinin verilməsi zamanı “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun, bu Qanunun və ətraf mühitin mühafizəsi ilə bağlı digər normativ hüquqi aktların tələblərinə riayət olunmasına nəzarəti təmin edir.”.

15. 53-cü maddə ləğv edilsin.

16. 54-cü maddə üzrə:

16.1. 1-ci bənddə “proqramların layihələri” sözləri “strateji sənədlərin layihələrinə dair strateji ekoloji qiymətləndirmə (SEQ) sənədləri” sözləri ilə əvəz edilsin;

16.2. 2-ci bənd aşağıdakı redaksiyada verilsin:

“istehsal, sosial, ticarət, ictimai iaşə və digər xidmət obyektləri, infrastruktur obyektləri və komplekslərinin layihələri, onların konservasiyası, ləğv olunması, yeni texnika ilə təchiz edilməsi və genişləndirilməsi üzrə layihələr, texniki-iqtisadi əsaslandırılmalar (TİƏ), ətraf mühitə təsirinin qiymətləndirilməsi (ƏMTQ) və transsərhəd konteksdə ətraf mühitə təsirin qiymətləndirilməsi sənədləri;”;

16.3. 3-cü bənddə “başqa ölkələrdən idxal edilməsinə” sözləri ”idxalına və ixracına” sözləri ilə əvəz edilsin;

16.4. 4-cü bənddə “haqqında təlimat-metodik və normativ-texniki sənədlərin” sözləri “sahəsində metodiki təlimatların və texniki normativ hüquqi aktların” sözləri ilə əvəz edilsin;

16.5. 5-ci və 6-cı bəndlər aşağıdakı redaksiyada verilsin:

“5. ərazilərin kompleks ekoloji-tədqiqat materialları, ərazilərə xüsusi mühafizə statusunun verilməsi, ekoloji fəlakət zonalarının və fövqəladə ekoloji vəziyyətin elan olunmasının əsaslandırılması sənədləri, habelə həmin ərazilərin bərpası proqramları;

6. regionların, ayrı-ayrı ərazilərin və təbiət komplekslərinin ekoloji vəziyyətinə dair sənədlər;”;

16.6. 7-ci bənddə “təbii resurslardan” sözləri “təbiətdən (təbii ehtiyatlardan)” sözləri ilə, “layihələrinin ekoloji bölmələri” sözləri “və razılaşmaların layihələri” sözləri ilə əvəz edilsin;

16.7. 7-ci bəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 8-ci bənd əlavə edilsin:

“8. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən hallarda tikinti layihələrinin ekologiya bölməsi.”.

17. 55-ci maddə aşağıdakı redaksiyada verilsin:

“Maddə 55. Sifarişçinin və planlaşdırıcı orqanın vəzifələri

1. Sifarişçinin və planlaşdırıcı orqanın vəzifələri aşağıdakılardır:

1.1. dövlət ekoloji ekspertiza obyektlərinə dair sənədləri bu Qanuna və “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq tərtib etmək və vaxtında dövlət ekoloji ekspertizasına təqdim etmək;

1.2. dövlət ekoloji ekspertizasının həyata keçirilməsi üçün zəruri olan əlavə məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim etmək;

1.3. dövlət ekoloji ekspertizasının həyata keçirilməsini bu Qanunla müəyyən edilən qaydada maliyyələşdirmək;

1.4. dövlət ekoloji ekspertizasının həyata keçirilməsi zamanı elmi tədqiqat və axtarış işlərinin (əlavə axtarışlar, nəzarət ölçmələri, sınaq nümunələrinin götürülməsi, analizi və sair) aparılması tələb olunduqda, həmin işləri maliyyələşdirmək və onların həyata keçirilməsini təmin etmək.”.

18. 56-cı maddənin mətni aşağıdakı redaksiyada verilsin:

“1. Dövlət ekoloji ekspertizasının maliyyələşdirilməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada dövlət büdcəsi və sənədlərin sifarişçisinin vəsaiti hesabına həyata keçirilir.

2. Bu Qanunun 54-cü maddəsi ilə müəyyən edilən dövlət ekoloji ekspertizası obyektləri üzrə layihələrin həyata keçirilməsinə və maliyyələşdirilməsinə yalnız ekoloji ekspertiza rəyi olduqda yol verilir.”.

19. 57-ci və 58-ci maddələr aşağıdakı redaksiyada verilsin:

“Maddə 57. Dövlət ekoloji ekspertizasının rəyi

1. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) ekoloji ekspertiza obyekti üzrə layihələrin həyata keçirilməsinin mümkünlüyü və ətraf mühitə təsirlərin yol verilə bilən həddi barədə əsaslı nəticələrdən ibarət ekoloji ekspertiza rəyi verir.

2. Ekoloji ekspertiza rəyi “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada 5 (beş) il müddətinə verilir.

3. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) verdiyi ekoloji ekspertiza rəylərinin “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 6.3.2-ci maddəsinə uyğun olaraq reyestrini aparır, onların rəsmi internet səhifəsində yerləşdirilməsini, habelə sifarişçiyə və aidiyyəti dövlət orqanlarına göndərilməsini təmin edir.

4. Ekoloji ekspertiza rəyinin ləğvi, bərpası, dayandırılması və dublikatının verilməsi “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş qaydada həyata keçirilir.

5. Ekoloji ekspertiza rəyi “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 23.1.1-ci və 23.1.2-ci maddələrində göstərilənlərlə yanaşı aşağıdakı hallarda yenidən rəsmiləşdirilir:

5.1. şəxsin soyadı, adı, atasının adı dəyişdikdə;

5.2. ekoloji ekspertiza sənədlərində dəyişikliklər edildikdə;

5.3. ətraf mühitin mühafizəsi sahəsində normativ və texniki normativ hüquqi aktlarda müəyyən edilmiş ekoloji tələblər dəyişdikdə;

5.4. rəyin qüvvədə olma müddəti başa çatdıqda.

Maddə 58. İctimai ekoloji ekspertizaya dair tələblər

1. İctimai ekoloji ekspertiza dövlət ekoloji ekspertizasının həyata keçirilməsindən asılı olmayaraq, ictimai ekoloji ekspertizanın təşkilatçılarının təşəbbüsü ilə təşkil olunur və həyata keçirilir.

2. İctimai ekoloji ekspertizanın aparılması qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.

3. İctimai ekoloji ekspertiza dövlət ekoloji ekspertizasından əvvəl və ya onunla eyni vaxta keçirilir.

4. İctimai ekoloji ekspertizanın təşkilatçıları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanı (qurumu) və bələdiyyəni ictimai ekoloji ekspertizanın keçirilməsinə 5 (beş) gün qalmış bu barədə yazılı məlumatlandırmalıdır.

5. Ekoloji ekspertiza obyektləri “Dövlət sirri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət sirri təşkil edən məlumatlara və ya qanunla qorunan digər məlumatlara aid edildikdə ictimai ekoloji ekspertizanın keçirilməsinə yol verilmir və bu barədə ictimai ekoloji ekspertizanın təşkilatçılarına məlumat verilir.

6. İctimai ekoloji ekspertiza rəyi tövsiyə xarakteri daşıyır.

7. İctimai ekoloji ekspertiza rəyi onun təşkilatçıları tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), bələdiyyəyə, planlaşdırıcı orqana və sifarişçiyə təqdim edilir, habelə kütləvi informasiya vasitələri ilə ictimaiyyətə çatdırılır.”.

20. Aşağıdakı məzmunda 58-1-ci maddə əlavə edilsin:

“Maddə 58-1. İctimai ekoloji ekspertiza sahəsində ictimai ekoloji ekspertizanın təşkilatçılarının vəzifələri və hüquqları

1. İctimai ekoloji ekspertiza sahəsində ictimai ekoloji ekspertizanın təşkilatçılarının vəzifələri aşağıdakılardır:

1.1. ictimai ekoloji ekspertizanın həyata keçirilməsi zamanı bu Qanunun tələblərinə riayət etmək;

1.2. ictimai ekoloji ekspertizanın nəticələri barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), bələdiyyəyə, planlaşdırıcı orqana və sifarişçiyə məlumat vermək.

2. İctimai ekoloji ekspertiza sahəsində ictimai ekoloji ekspertizanın təşkilatçıları aşağıdakı hüquqlara malikdirlər:

2.1. ekoloji ekspertizanın obyektinə dair sənədləri tam həcmdə almaq;

2.2. ekoloji ekspertizanın keçirilməsinə dair tələbləri müəyyən edən normativ hüquqi aktlarla, habelə texniki normativ hüquqi aktlarla tanış olmaq;

2.3. ekoloji cəhətdən zərərli obyektlərin yerləşdirilməsinə, tikintisinə və istismarına dair qərarların ləğv edilməsi, onların fəaliyyətinin məhdudlaşdırılması, dayandırılması və ya dəyişdirilməsi barədə aidiyyəti qurumlara müraciət etmək.”.

21. 71-ci maddə üzrə:

21.1. 2.3-cü bənddə “xüsusi icazənin” sözləri “lisenziyanın və icazənin” sözləri ilə, “xüsusi icazələrinin” sözləri “lisenziyaların və icazələrin” sözləri ilə, “onlara xitam vermək barədə vəsatət qaldırmaq” sözləri “onların dayandırılması və ya ləğvi barədə qərar qəbul etmək” sözləri ilə əvəz edilsin;

21.2. 2.7-ci bənddə “məhdudlaşdırılması və ya bu fəaliyyətə xitam verilməsi haqqında vəsatət qaldırmaq” sözləri “dayandırılması və ya qadağan edilməsi barədə qərar qəbul etmək” sözləri ilə əvəz edilsin;

21.3. üçüncü hissədə “tabeçilik və ya” sözləri “inzibati və” sözləri ilə əvəz edilsin.

22. 76-cı maddə üzrə:

22.1. 1-ci hissədə “xüsusi icazəyə” sözləri “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq alınmış akkreditasiya attestatına” sözləri ilə əvəz edilsin;

22.2. 2-ci hissədə “xüsusi icazə” sözləri “akkreditasiya attestatı” sözləri ilə əvəz edilsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 12 iyun 2018-ci il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin