CƏMİYYƏT


Ətraf mühitin mühafizəsi qaydalarının pozulması hallarına qarşı prokurorluq orqanları tərəfindən tədbirlər görülür

Bakı, 29 iyul, AZƏRTAC 

Ölkəmizdə bütün sahələrdə olduğu kimi, ekoloji problemlərin həlli, ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın bərpası və təbii ehtiyatlardan səmərəli istifadə olunması istiqamətində mühüm işlər görülür.

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, lakin bəzi hallarda ayrı-ayrı şəxslər tərəfindən ətraf mühitin mühafizəsi qaydalarının pozulması halları müşahidə olunur və prokurorluq orqanları tərəfindən belə hallara qarşı ən ciddi mübarizə tədbirləri davam etdirilir. Belə ki, Qazax şəhərində Coğaz çayının yatağında yerləşən torpaq sahəsindəki söyüd və qovaq ağaclarının qanunsuz kəsilməsi barədə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyində toplanmış material üzrə Qazax Rayon Prokurorluğunda yoxlama aparılıb.

Aparılmış araşdırmalarla Coğaz çayının sağ sahilindəki 5 hektar torpaq sahəsinin qum-çınqıl istehsalı üçün sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxsə icarəyə verilmiş hissəsində yaş vəziyyətdə 12-14 santimetr diametrli beş, 32-36 santimetr diametrli dörd söyüd, 12-14 santimetr diametrli iki və 28 santimetr diametrli üç qovaq ağacının 28 saylı Yol İstismar İdarəsinin vəzifəli şəxslərinin göstərişi əsasında həmin idarəyə məxsus ağır texnika vasitəsilə qanunsuz olaraq kökündən çıxarılaraq və kəsilərək yük avtomaşını ilə naməlum istiqamətə daşınması nəticəsində təbiətə ümumilikdə 3200 manat məbləğində ziyanın dəyməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 259.1-ci (meşələrdə və ya xüsusi mühafizə olunan təbiət ərazilərində ağacların, kolların və ya digər yaşıllıqların, eləcə də meşə fonduna daxil olmayan ağacların, kolların və ya digər yaşıllıqların qanunsuz kəsilməsi (götürülməsi) xeyli miqdarda ziyan vurduqda) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb.

Hazırda istintaqı aparılan cinayət işi üzrə təqsirli şəxslərin dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb olunmaları, ətraf mühitə vurulmuş ziyanın ödənilməsinin təmin olunması və nəticələrinin aradan qaldırılması istiqamətində zəruri tədbirlər davam etdirilir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.