CƏMİYYƏT
Ətraf mühitin mühafizəsi sahəsində bir sıra ərazi idarələrinin fəaliyyətinə irad bildirilib
Bakı, 17 fevral, AZƏRTAC
Fevralın 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında dövlət başçısı tərəfindən verilmiş tapşırıqların icrası, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) ötən ildəki fəaliyyəti ilə bağlı kollegiya iclası keçirilib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, ETSN-in struktur bölmələrinin və tabeli qurumlarının rəhbərlərinin iştirakı ilə keçirilən kollegiya iclasında nazir Hüseyn Bağırov çıxış edərək dövlət başçısı İlham Əliyevin ekologiya və ətraf mühitin mühafizəsi ilə əlaqədar məsələləri daim diqqət mərkəzində saxladığını və ölkədə bu istiqamətdə aparılan işlərə böyük dəstək verdiyini iştirakçıların diqqətinə çatdırıb. Eyni zamanda, ekologiya və ətraf mühitin mühafizəsi istiqamətində görülmüş işlər, qazanılmış nailiyyətlər, xüsusən son bir ildə hidrometeorologiya sahəsinin texniki-təchizat bazasının büdcədənkənar vəsaitlər hesabına daha da müasirləşdirildiyi və qarşıda duran vəzifələr barədə məlumat verib.
Sonra gündəlikdə duran məsələlərin müzakirəsinə başlanılıb. “Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu” ASC-nin və Meşələrin İnkişafı Departamentinin hesabatları dinlənilib. Yaşıllaşdırma sahəsində, meşələrin mühafizə və bərpasında, artırılmasında ölkə Prezidentinin göstərişlərinə uyğun olaraq kənd təsərrüfatı əhəmiyyətli kol və bitkilərin, aqromeşə sahələrinin salınması istiqamətində aparılan işlərin nəticələri təhlil edilib, müvafiq tapşırıqlar verilib və 10 gün müddətində yenidən müzakirəyə çıxarılması qərara alınıb.
Ətraf Mühitin Mühafizəsi Departamentinin direktoru ötən ilin yekunları ilə bağlı məlumat verib. Müsbət nəticələrlə yanaşı, nöqsanlar da qeyd olunub, o cümlədən ətraf mühitin mühafizəsi sahəsində bir sıra ərazi idarələrinin fəaliyyətinə irad bildirilib. Bütün ərazi idarələrinə ekoloji qanun pozuntuları ilə daha ciddi mübarizə aparılması üçün müddətli göstəriş verilib. Bununla yanaşı, kollegiya iclasının qərarı ilə işlərində yol verdikləri nöqsanlara görə ərazi ekologiya və təbii sərvətlər şöbələrinin, meşə mühafizəsi və bərpası müəssisələrinin rəhbərlərinə xəbərdarlıq edilib.
Daha sonra Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı və Milli Geoloji Kəşfiyyat Xidmətinin də 2016-cı ilin yekunları, qarşıda duran vəzifələri barədə hesabatları dinlənilib.
Kollegiya üzvləri nöqsanlara yol vermiş müəssisə rəhbərlərinin izahatlarını qəbul edib. Qısa müddət ərzində nöqsanların aradan qaldırılması üçün departament və tabeli qurumlarının rəhbərlərinə konkret tapşırıqlar verilib.