CƏMİYYƏT


Ətraf mühitin sağlamlaşdırılması və ekoloji tarazlığın qorunması sahəsində ardıcıl quruculuq işləri davam etdirilir

Bakı, 23 may, AZƏRTAC

Bildiyimiz kimi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi ümummilli lider Heydər Əliyevin 2001-ci il 23 may tarixli Fərmanı ilə yaradılıb. Prezident İlham Əliyevin 2007-ci il 16 may tarixli Sərəncamı ilə hər il mayın 23-ü ölkəmizdə Ekologiya və Təbii Sərvətlər Nazirliyi işçilərinin peşə bayramı kimi qeyd olunur.

AZƏRTAC xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Azərbaycan ərazisində, həmçinin Xəzər dənizinin Azərbaycana aid hissəsində ətraf mühitin qorunması, təbiətdən istifadənin təşkili, hidrometeoroloji proseslərin müşahidəsi və proqnozlaşdırılması istiqamətində dövlət siyasətini həyata keçirir. İndiki və gələcək nəsillərin sağlamlığının təmin edilməsi, iqtisadi potensialın qorunması, təbii ehtiyatlardan səmərəli istifadə edilməsi nazirliyin qarşısında duran başlıca məsələlərdir.

Ölkəmizdə bütün sahələrdə olduğu kimi, ekoloji problemlərin həlli, ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın bərpa edilməsi istiqamətində mühüm işlər görülüb. Ekoloji cəhətdən dayanıqlı sosial-iqtisadi inkişafa, meşələrin bərpa edilməsi və artırılmasına dair milli proqramlar uğurla yerinə yetirilib. Hazırda ətraf mühitin sağlamlaşdırılması və ekoloji tarazlığın qorunması sahəsində ardıcıl quruculuq işləri davam etdirilir. Beynəlxalq ekoloji proqramların həyata keçirilməsi, təbii sərvətlərin bərpasının təmin edilməsi və mühafizəsi, milli parkların və ekoloji şəbəkənin yaradılması istiqamətində görülən işlər də bu qəbildəndir.

Xalqımızın ümummilli lideri Heydər Əliyevin müəyyənləşdirdiyi ekoloji siyasət bu gün öz bəhrəsini verir. Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə ulu öndər Heydər Əliyev ətraf mühitin mühafizəsinə və insanların sağlamlığına təminat yaradan mütərəqqi texnologiyaya malik yeni müəssisələrin tikilməsinə, o cümlədən köhnə texnologiyaların yenisi ilə əvəz olunmasına, yaşıllıqların və parkların salınmasına xüsusi diqqət yetirib. Bunun məntiqi nəticəsi olaraq ölkəmizdə ekoloji şəraitin yaxşılaşdırılması və ətraf mühitin mühafizəsi sahəsində uğurlu nəticələr əldə olunub. Məhz Ulu Öndərin 1993-cü ildə xalqın tələbi ilə hakimiyyətə qayıdışından sonra paytaxt Bakının yaşıllaşdırılmasına, ekoloji tarazlığın bərpasına start verildi.

Bu gün Azərbaycanda ekoloji problemlər dövlət səviyyəsində həll olunur. Ulu öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin imzaladığı fərmanlarda, təsdiq etdiyi proqramlarda ekoloji mühitin yaxşılaşdırılması məqsədilə nəzərdə tutulan hədəflərin reallaşması üçün zəruri vəzifələr müəyyənləşdirilib, biomüxtəlifliyin mühafizəsi, meşəçiliyin inkişafı, yaşıllıqların artırılması və su ehtiyatlarının davamlı idarə edilməsi sahəsində müsbət nəticələr əldə olunub.

Ekoloqların peşə bayramı gününün təsis edilməsi, 2010-cu ilin ölkəmizdə “Ekologiya İli” elan olunması, dövlətimizin başçısı tərəfindən bu sahəyə aid sərəncamların verilməsi, yeni milli parkların yaradılması, ətraf mühitin qorunması, nadir və nəsli kəsilmək təhlükəsində olan bioloji növlərin artırılması, ekoturizmin inkişafı ilə bağlı həyata keçirilən tədbirlər sübut edir ki, ekoloji tarazlığın qorunması dövlətimizin siyasətinin prioritetləri sırasındadır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.