CƏMİYYƏT
“Ətrafımıza faydalı olaq” müsabiqəsi başa çatıb
Bakı, 24 may, AZƏRTAC
Təhsil Nazirliyinin dəstəyi ilə TİKA və “Pətək” İctimai Birliyinin birlikdə həyata keçirdiyi “Sağlam qida, sağlam nəsil” layihəsində iştirak edən paytaxt məktəblərinin “Sağlam olaq klubları” arasında keçirilən “Ətrafımıza faydalı olaq” aksiya-müsabiqəsinə yekun vurulub.
AZƏRTAC xəbər verir ki, iki aya yaxın davam edən müsabiqə qaliblərinin mükafatlandırılma mərasimi keçirilib.
Müsabiqənin başlıca məqsədi ətrafda baş verənlərə uşaq və yeniyetmələrin diqqətini artırmaq, başqalarına qarşı qayğıkeşlik, fədakarlıq, təmənnasız yaxşılıq etməyi bacarmaq, həmyaşıdlarını faydalı işlərə cəlb etmək, onlara vətənpərvərlik və xeyriyyəçilik hissləri aşılanmasından ibarət olub.
Müsabiqəyə Bakının 13 orta məktəbi qoşulub və onlar bir-birindən maraqlı tədbirlər həyata keçiriblər. Onlar ətrafda qayğıya ehtiyacı olanları aşkara çıxararaq onlara yardım göstərib, talassemiya xəstələrinə qanvermə aksiyaları keçirib, uşaq evlərinə, ana və uşaq sığınacaqlarına baş çəkiblər.
Məktəblilər “Dərman paylama”, “Təmizlik”, “Ağacəkmə”, “Kağıza qənaət”, “Müharibəyə yox!”, “Təbiəti qoruyaq”, “Faydalı olmaq hər kəsin borcudur”, “Kimsəsiz uşaqlara qulluq”, “Biz fərqli deyilik”, “Qan vermə aksiyası” və s. adlı bir-birindən kreativ və faydalı tədbirlər həyata keçiriblər.
Müsabiqənin yekunlarına görə Binəqədi rayonundakı 283 nömrəli orta məktəb birinci, Atatürk liseyi ikinci, Yasamal rayonundakı Faiq Rzayev adına 150 nömrəli və Xətai rayonundakı 245 nömrəli orta məktəblər üçüncü yeri tutublar.