DÜNYA
Attika yollarında beş mindən çox avtomobil “qar tələsinə” düşüb VİDEO
Bakı, 25 yanvar, AZƏRTAC
Güclü qar “Attiki Odos” avtomobil yolunda beş mindən çox maşının hərəkətinə maneə yaradıb, bəzi sürücülər artıq 12 saatdan çoxdur ki, “qar tələsində” qalıb.
AZƏRTAC “Proto tema” qəzetinə istinadla xəbər verir ki, avtomobil yolunun qalın qarla örtülməsi kilometrlərlə uzanan tıxacların meydana gəlməsinə səbəb olub.
Yunanıstan hakimiyyəti yanvarın 24-ü axşam saatlarından başlayaraq avtomobillərin “Attiki Odos” trasından çıxarılması üzrə genişmiqyaslı əməliyyata başlayıb. İqlim böhranı və mülki müdafiə naziri Xristos Stilianidis jurnalistlər üçün brifinq zamanı bildirib ki, əməliyyata silahlı qüvvələrin, yanğınsöndürmə xidmətinin, polis orqanlarının əməkdaşları və könüllülər cəlb olunub. Onun sözlərinə görə, hazırda güclü qar yağmaqda davam etdiyindən əməliyyat çətin şəraitdə aparılır. Buna baxmayaraq, ilk üç saat ərzində təxminən yüzə yaxın sürücüyə kömək göstərilib. Onlara qida və su çatdırılıb, daha çətin vəziyyətdə olanlar isə ərazidən təxliyə edilib.
Yunanıstan KİV-lərinin məlumatına görə, prokurorluq hadisənin səbəblərini araşdırmağa başlayıb. Avtomobil yolunun istismarı ilə məşğul olan “Attiki Odos” kompaniyası 20 illik istifadə müddəti ərzində ilk dəfə qarşılaşdıqları vəziyyətlə bağlı vətəndaşlardan üzr istəyib.
Hazırda Afina yollarında nadir hallarda avtomobillərin hərəkəti müşahidə olunur, qartəmizləyən maşınlar isə görünmür. Adətən Yunanıstanın əksər hissəsində qar yağmadığı üçün ölkədə qış təkərləri demək olar ki, istifadə olunmur. Hakimiyyət orqanları əlverişsiz hava şəraiti ilə əlaqədar şinlərinə zəncir taxılmayan avtomobillərin hərəkətini qadağan edib.