İQTİSADİYYAT


Auditorlar İmtiyazlı Sertifikatlaşdırılmış Mühasiblər Assosiasiyasının dörd ölkə üzrə rəhbərliyi ilə görüşüb

Bakı, 25 yanvar, AZƏRTAC

İmtiyazlı Sertifikatlaşdırılmış Mühasiblər Assosiasiyasının (ACCA) Türkiyə, Azərbaycan, Gürcüstan və Əfqanıstan ölkələri üzrə rəhbərliyi ilə Auditorlar Palatası arasında mövcud əlaqələrin gücləndirilməsi istiqamətində videokonfrans formatında görüş keçirilib.

Palatadan AZƏRTAC-a bildirilib ki, qurumun sədri, professor Vahid Novruzov, Palata sədrinin müşaviri, Beynəlxalq əlaqələr və xarici təşkilatlarla iş üzrə Komitənin sədri Fəqan Qarayev, Kadr hazırlığı idarəsinin rəisi Elmira Behbudova, ACCA-nın ölkəmizdən üzvləri olan “KPMC Audit Azərbaycan” MMC-nin direktoru Nəsibə Muradxanova, “BDO Azərbaycan” MMC-nin direktoru Yunis Salayev, “Davud Mamedov” MMC-nin direktoru Davud Məmmədov, ACCA-nın Türkiyə, Azərbaycan, Gürcüstan və Əfqanıstan ölkələri üzrə rəhbəri Filiz Demiröz və Bazarın inkişafı üzrə meneceri Ülgen Kıymık Coşkun iştirak etdikləri onlayn görüşdə Auditorlar Palatasının ACCA-nın İmtiyazlı Təlim Partnyoru statusunu əldə etməsi, ACCA-nın Davamlı Peşəkar İnkişafa dair təlim materiallarının Auditorlar Palatasının üzvlərinə və assistentlərə tədris olunması istiqamətində tədbirlərin görülməsi, Azərbaycan auditorlarının ACCA-nın Peşəkar Tədqiqatçılar qrupuna qoşulması, həmçinin Auditorlar Palatası ilə ACCA arasında mövcud olan anlaşma memorandumunun yenilənməsi və imzalanma mərasiminin həyata keçirilməsi kimi mühüm məsələlər ətrafında geniş müzakirələr aparıb.

Auditorlar Palatasının sədri Vahid Novruzov auditor peşəsinin inkişafı və onun keyfiyyətinin artırılması, korrupsiyaya, çirkli pulların yuyulmasına və ümumilikdə kölgə iqtisadiyyatına qarşı mübarizədə mütərəqqi beynəlxalq təcrübənin öyrənilməsi və yerli qanunvericilik nəzərə alınmaqla ölkəmizdə tətbiqinin müasir çağda böyük əhəmiyyət daşıdığını vurğulayaraq, hər iki qurum arasında bu istiqamətlərdə əməkdaşlığın daha da gücləndirilməsinin labüdlüyünü diqqətə çatdırıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.