İQTİSADİYYAT
Auditorlar Palatası Beynəlxalq Audit Standartlarının yeni versiyasının Azərbaycan dilinə tərcüməsini başa çatdırıb
Bakı, 12 mart, AZƏRTAC
Azərbaycan Respublikasının Auditorlar Palatası ölkədə auditor xidmətinin beynəlxalq təcrübə əsasında təkmilləşdirilməsi, onun normativ hüquqi bazasının möhkəmləndirilməsi istiqamətində öz fəaliyyətini davam etdirir.
Palatadan AZƏRTAC-a bildirilib ki, ölkə başçısının beynəlxalq standartların Azərbaycanda tətbiqinə dair proqram xarakterli tapşırıqlarını icra etmək, tamhüquqlu üzv olduğu Beynəlxalq Mühasiblər Federasiyasının üzvlük tələblərini yerinə yetirmək məqsədilə Auditorlar Palatası hələ 2010-cu ildən beynəlxalq audit standartlarının tətbiqinə başlayıb. Bu sahədə metodik təminatın gücləndirilməsi məqsədilə 2009-cu və 2014-cü illərdə həmin beynəlxalq qurumun Beynəlxalq Audit Standartları topluları 2 dəfə tərcümə olunaraq auditorların və bütün maraqlı tərəflərin istifadəsinə verilib. Bu sahədə fəaliyyətin günün tələbləri səviyyəsində təşkil etmək məqsədilə Auditorlar Palatası tərəfindən 2018-ci ildə Beynəlxalq Audit Standartlarının təkmilləşdirilmiş və yenilənmiş yeni versiyası dilimizə tərcümə edilib. Bu nəşr palatanın rəsmi internet səhifəsində yerləşdirilməklə audit peşəkarlarının öz fəaliyyətlərini beynəlxalq səviyyədə təşkil etməyə yaxından kömək edəcək.