İQTİSADİYYAT
Auditorlar Palatası Moskvada “ATOMEKSPO 2015” VII Beynəlxalq Forumunda iştirak edib
Bakı, 4 iyun, AZƏRTAC
Auditorlar Palatasının sədri, professor Vahid Novruzov və Aparatın rəhbəri Qəşəm Bayramov Moskvada keçirilən “ATOMEKSPO 2015” VII Beynəlxalq Forumu çərçivəsində “Aşkarlıq şəraitində daxili nəzarət” mövzusunda “dəyirmi masa”da iştirak ediblər.
Palatadan AZƏRTAC-a bildiriblər ki, “Rosatom” Dövlət Korporasiyasının daxili nəzarət və audit üzrə direktoru – baş nəzarətçi Aleksandr Loktevin və təftiş-nəzarət fəaliyyəti departamentinin direktoru İqor İqinin moderatorluq etdiyi “dəyirmi masa”da Auditorlar Palatasının sədri Vahid Novruzov “Azərbaycanda daxili nəzarət və audit” mövzusunda geniş məruzə ilə çıxış edib. Məruzədə əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş və Azərbaycan Prezidenti İlham Əliyevin uğurla davam etdirdiyi sosial-iqtisadi münasibətlərdə şəffaflıq siyasətinin uğurlu nəticələrindən bəhs edilib.
Tədbirdə xarici ölkə auditorları, o cümlədən Rusiya, İngiltərə və macarıstanlı həmkarlarla əlaqələrin genişləndirilməsi istiqamətində görüləcək işlər razılaşdırılıb.
Eyni zamanda, ölkəmizdə nəzarətin təkmilləşdirilməsi işinə xidmət edə biləcək bir sıra normativ sənədlər də tətbiq olunmaq üçün Azərbaycana gətirilib.
Səfər müddətində nümayəndə heyəti Rusiya Auditorlar Kollegiyasının prezidenti, Aleksandr Rufu 60 illik yubileyi münasibətilə təbrik edib.