İQTİSADİYYAT


Auditorlar Palatası Rusiya və Böyük Britaniya assosiasiyaları ilə mühüm sənədlər imzalayıb YENİLƏNİB

Bakı, 13 iyun, AZƏRTAC

İyunun 13-də Azərbaycan Respublikası Auditorlar Palatası ilə Rusiya Federasiyasının Özünütənzimləyən Auditorlar Təşkilatı olan “Sodrujestvo” Assosiasiyası arasında əməkdaşlıq sazişi, palata ilə Böyük Britaniyanın İmtiyazlı Sertifikatlaşdırılmış Mühasiblər Assosiasiyası (ACCA) arasında isə anlaşma memorandumu imzalanıb.

AZƏRTAC xəbər verir ki, Auditorlar Palatasının sədri, iqtisad elmləri doktoru, professor Vahid Novruzov Rusiya Auditorlar Kollegiyası ilə ilk əməkdaşlıq sazişinin ümummilli lider Heydər Əliyevin Sərəncamı ilə 1999-cu ilin martında Moskvada imzalandığını bildirib.

V.Novruzov palatanın Prezident İlham Əliyevin göstərişlərini rəhbər tutaraq müstəqil maliyyə nəzarəti sahəsində mütərəqqi dünya təcrübəsini öyrənmək və milli iqtisadiyyatın xüsusiyyətlərini nəzərə almaqla ölkəmizdə tətbiqini genişləndirmək məqsədilə 40-dək ölkənin audit mühasibatlıq qurumları ilə əməkdaşlıq sazişləri imzaladığını deyib.

O qeyd edib ki, bu sazişin əsas məqsədi Beynəlxalq Maliyyə Hesabatı Standartlarının (BMHS), Beynəlxalq Audit Standartlarının (BAS), habelə Beynəlxalq Mühasiblər Federasiyası (BMF) tərəfindən qəbul olunan digər standartların Auditorlar Palatası və Rusiyanın Özünütənzimləyən Auditorlar Təşkilatı olan “Sodrujestvo” Assosiasiyasının üzvlərinin peşə fəaliyyətində tətbiqinə kömək göstərilməsi, tərəflərin üzvlərinin tədrisi və ixtisasının artırılması üçün Auditorlar Palatası və “Sodrujestvo” Assosiasiyasının tədris mərkəzi şəbəkələri vasitəsilə peşə sertifikatlaşdırmasının inkişafı sahəsində əməkdaşlıq edilməsi, iki qurumun üzvlərinin peşəkarlığının inkişafı məsələlərində qarşılıqlı fəaliyyət göstərilməsi, tərəflərin mütəxəssisləri arasında işgüzar ünsiyyətə əlverişli şərait yaradılmasından ibarətdir.

Vurğulanıb ki, Azərbaycan Respublikası Auditorlar Palatası və İmtiyazlı Sertifikatlaşdırılmış Müsahiblər Assosiasiyası arasındakı anlaşma memorandumunun məqsədi isə hüquqi münasibətlər yaratmaq niyyəti olmadan tərəflər arasında qarşılıqlı əməkdaşlıq ruhunda anlaşma yaratmaq, qarşılıqlı faydaya xidmət edən əməkdaşlıq imkanlarını araşdırmaq, hər birinin və qarşılıqlı maraqların qorunması üçün tərəflərin əməkdaşlıqla bağlı müvafiq rolları və məsuliyyətlərini müəyyən etməkdən ibarətdir.

“Sodrujestvo” Assosiasiyasının prezidenti Şeremet Anatoli Danilloviç, ACCA-nın Ukrayna və Qafqaz ölkələri üzrə rəhbəri Janetta Onişşuk, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Akif Musayev və “Sodrujestvo” Assosiasiyasının baş direktoru Olqa Aleksandrovna da imzalanan sənədlərin əhəmiyyətini yüksək qiymətləndirərək qeyd ediblər ki, bu sənədlərin məqsədi hər iki ölkənin iqtisadi mühitində mühasibat və audit peşələrinin inkişaf etdirilməsi, beynəlxalq audit standartlarına uyğunlaşma prosesinin sürətləndirilməsini təmin etməkdən ibarətdir.

Sonra Azərbaycanda auditor xidmətinin inkişafında xüsusi xidmətlərinə görə “Sodrujestvo” Assosiasiyasının prezidenti Şeremet Anatoliy Daniloviçə Auditorlar Palatasının “Fəxri üzv” statusu verilib, assosiasiyanın baş direktoru O.Aleksandrovna isə Auditorlar Palatasının “Fəxri auditor” döş nişanı ilə təltif olunub.

Tədbir zamanı ölkələrdəki auditin vəziyyəti müzakirə olunub və qurumlar arasındakı gələcək əməkdaşlıqla bağlı geniş fikir mübadiləsi aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.