İQTİSADİYYAT
Auditorlar Palatası beynəlxalq tədbirə dəvət olunub
Bakı, 15 aprel, AZƏRTAC
Aprelin 15-də Auditorlar Palatası ilə Kiçik və orta müəssisələr üçün Avropa Mühasiblər və Auditorlar Federasiyası (EFAA) arasında onlayn formatda işgüzar görüş keçirilib. Görüşdə Auditorlar Palatasının sədri, professor Vahid Novruzov, Palata sədrinin müşaviri Fəqan Qarayev və EFAA-nın prezidenti Salvador Marin iştirak ediblər.
Palatanın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Salvador Marin Auditorlar Palatasının sədri Vahid Novruzova qurumun EFAA tərəfindən təşkil edilən beynəlxalq tədbirlərdə yaxından iştirak edərək və federasiyanın audit, mühasibatlıq və rəqəmsallaşma üzrə ekspert qruplarında təmsil olunaraq audit və mühasib peşəsinin inkişafına öz önəmli töhfəsini verdiyinə görə təşəkkürünü bildirib, ümumilikdə EFAA-nın tamhüquqlu üzvü olan palatanın fəaliyyətini yüksək qiymətləndirib.
Salvador Marin EFAA-nın qarşıdakı 2 ili əhatə edən strateji planından bəhs edib və hər iki qurumun rəhbərləri gələcək əməkdaşlığın inkişafından danışıblar.
Daha sonra S.Marin Vahid Novruzovu EFAA-nın iyunun 25-də keçiriləcək illik ümumi iclasında iştirak etməyə dəvət edib. Sonda Auditorlar Palatasının sədri, professor Vahid Novruzov pandemiya dövründə auditin qarşısında duran vəzifələrdən, ölkə Prezidentinin rəhbərliyi ilə iqtisadi inkişafın dayanıqlılığı, şəffaflığın təmin edilməsi, kölgə iqtisadiyyatının azaldılması istiqamətində aparılan uğurlu islahatlardan və bu sahədə auditin əhəmiyyətindən bəhs edib.