HEYDƏR ƏLİYEV - 100


Auditorlar Palatasında Ümummilli Liderin əziz xatirəsi anılıb

Bakı, 9 dekabr, AZƏRTAC

Dekabrın 9-da Auditorlar Palatasında müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin anım gününə həsr edilmiş onlayn tədbir keçirilib.

Palatadan AZƏRTAC-a bildirilib ki, Aparatın rəhbəri Qəşəm Bayramov Ümummilli Liderin həyat və fəaliyyəti, müstəqil Azərbaycanın qurulması və möhkəmlənməsində Heydər Əliyevin əvəzolunmaz xidmətləri haqqında danışıb. Qeyd edilib ki, beynəlxalq normalara əsaslanan demokratik dövlətin qurulması, suveren Azərbaycanın əsas qanunu olan Konstitusiyanın qəbul edilməsi, vətəndaş cəmiyyətinin formalaşdırılması, milli təhlükəsizliyin təmin olunması və yeni iqtisadi kursun müəyyənləşdirilməsi şəxsən Heydər Əliyevin xidmətləridir. Ona görə də haqlı olaraq müstəqil Azərbaycan Heydər Əliyevin şah əsəri adlandırılır. Ölkəmizdə auditor xidmətinin dövlət tənzimlənməsinin normativ hüquqi əsası - “Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanunu 1994-cü il sentyabrın 15-də ulu öndər Heydər Əliyev tərəfindən imzalanmaqla qoyulub.

Daha sonra geniş məruzə ilə çıxış edən Auditorlar Palatasının sədri, iqtisad elmləri doktoru, professor Vahid Novruzov ulu öndər Heydər Əliyevin mənalı həyatından və çoxşaxəli fəaliyyətindən ətraflı bəhs edərək hər bir çətin vəziyyətdən ən düzgün çıxış yolu tapan müdrik liderin Azərbaycan tarixindəki və beynəlxalq arenadakı rolundan, o cümlədən demokratik, hüquqi dövlət quruculuğunda, ölkəmizin qüdrətlənməsində, xalqın rifahının yüksəldilməsində misilsiz xidmətlərindən və dünya siyasətinə verdiyi töhfələrdən danışıb. V.Novruzov şərəfli ömür yolunu ölkəmizin tərəqqisinə və millətimizin parlaq gələcəyinə həsr edən Ümummilli Liderin Vətən və xalq qarşısında müstəsna xidmətlərindən birinin İlham Əliyev kimi rəhbəri yetişdirməsini və həmin layiqli varisin 19 ildir Azərbaycana bacarıqla rəhbərlik etdiyini, onu inamla gələcəyə apardığını vurğulayıb.

“Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra insanların qəlbində ümid çırağı yanmağa başladı. Ulu Öndərin söylədiyi “Gün gələcək Azərbaycanın bayrağı Şuşada və digər işğal olunmuş ərazilərdə dalğalanacaq” sözləri xalqımızın inamını artırdı. Artıq işğaldan azad olunmuş bütün rayon, kənd və qəsəbələrdə geniş abadlıq quruculuq işləri aparılır. Hesab edirəm ki, biz 44 günlük möhtəşəm Qələbəyə görə, həm də ümummilli lider Heydər Əliyevə borcluyuq. Çünki bizi Qələbəyə yaxınlaşdıran ordu quruculuğunun əsasını məhz Ulu Öndər qoyub. Ümummilli Lider təkcə Azərbaycan dövlətinin deyil, həm də qalib Azərbaycanın böyük Zəfərinin banisidir”, - deyə V.Novruzov diqqətə çatdırıb.

O, tədbir çərçivəsində Heydər Əliyevin Azərbaycanın dövlət quruculuğunda, iqtisadiyyatın idarə olunmasında, təsərrüfatçılıqda məqsədyönlü, zəngin, çoxcəhətli əməli iş təcrübəsini ümumiləşdirərək şərh etməyin mümkünsüzlüyünü qeyd edərək, Ulu Öndər haqqında ən obyektiv və dərin mənalı fikirlərdən biri kimi dəyərləndirilən Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın bu sözlərini yada saldı: “Böyük siyasət xadimi, müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyev hər bir azərbaycanlının qəlbində qoyub getdiyi azərbaycançılıq fəlsəfəsi, dövlətçilik irsi və gördüyü nəhəng işlərlə yaşayacaqdır!”

Daha sonra tədbirdə Auditorlar Palatasının üzvləri olan “LŞ Audit” MMC-nin direktoru Fərhəddin Hüseynov, “SR Audit Solutions” MMC-nin direktoru Səftər Vəlizadə, sərbəst auditorlar Rəna Qəfərova, Aftandil Əliyev, Hafiz Əhmədov, Natiq Əliyev, Aydın Hüseynov, Auditorlar Palatasının daxili auditoru Nərmin Quliyeva, Auditin Hüquqi Tənzimlənməsi və Dövlət Orqanları ilə İş İdarəsinin rəis müavini Bəhruzə Qasımova geniş məruzə ilə çıxış edərək, Ulu Öndərimizin Vətəni və xalqı qarşısında müstəsna xidmətlərindən söz açıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.