QAN YADDAŞI


Auditorlar Palatasında Xocalı faciəsi qurbanlarının xatirəsi anılıb

Bakı, 26 fevral, AZƏRTAC

Fevralın 26-da Auditorlar Palatasında Xocalı faciəsinin 29-cu il dönümünə həsr olunmuş onlayn tədbir keçirilib.

Palatadan AZƏRTAC-a bildirilib ki, Auditorlar Palatasının sədr müavini, Fəxrəddin İsmayılov 1992-ci il fevralın 26-da baş verən faciəli hadisələrin erməni faşistlərinin xalqımıza qarşı törətdiyi amansız cinayət olduğunu deyib. Qeyd edib ki, həmin gün çoxlu sayda dinc əhalinin xüsusi qəddarlıqla qətlə yetirilməsi, minlərcə insanın yaralanması, şübhəsiz, xalqımız üçün böyük dərd, faciə idi. Xocalı faciəsi Azərbaycan tarixində qanla yazılmış bir səhifədir.

Birinci Qarabağ müharibəsinin gedişinin ən faciəvi səhifəsi Xocalı şəhərinin işğalı oldu. Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yerləşən bu şəhərdə müharibədən əvvəl 7 min insan yaşayırdı. 1991-ci ilin oktyabrından şəhər Ermənistan silahlı qüvvələri tərəfindən tamamilə mühasirəyə alındı. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə kütləvi artilleriya zərbələrinin ardınca Ermənistan silahlı qüvvələri keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının köməyi ilə Xocalını işğal etdilər. İşğalçılar Xocalını darmadağın edərək xüsusi amansızlıqla onun dinc əhalisinin soyqırımını törətdilər. Soyqırımı zamanı 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca xüsusi qəddarlıqla öldürülüb, 1275 insan əsir və girov götürülərək işgəncələrə məruz qalıb. Onlardan 150 nəfərin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil. Qırğın zamanı 487 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Həmçinin 8 ailə tamamilə məhv edilib, 130 uşaq valideynlərindən birini, 25 uşaq isə hər iki valideynini itirib. Həmin insanlar yalnız etnik mənsubiyyətlərinə - azərbaycanlı olduqlarına görə amansızcasına öldürülüb, işgəncələrə məruz qalıb və şikəst edilib. Ermənistan silahlı birləşmələri tərəfindən Xocalı şəhərinin işğal edilməsi ilə əlaqədar Azərbaycan dövlətinə və vətəndaşlarına 170 milyon ABŞ dollarından çox ziyan vurulub.

Diqqətə çatdırılıb ki, Xocalı haqqında həqiqətlərin dünyaya bəyan edilməsi, bu faciənin xalqımıza qarşı soyqırımı aktı kimi tanınması üçün Azərbaycan dövləti bütün zəruri addımları atır. Bu sahədə məqsədyönlü fəaliyyət ümummilli lider Heydər Əliyev Azərbaycanda siyasi hakimiyyətə qayıdandan sonra başlanıb. Ulu Öndərin təşəbbüsü ilə Xocalı soyqırımına siyasi-hüquqi qiymət verilib, fevralın 26-sı Xocalı Soyqırımı Günü elan edilib. 2008-ci ildə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlanmış “Xocalıya ədalət!” beynəlxalq kampaniyası bu istiqamətdə təbliğat işini daha da fəallaşdırıb. Faciə ilə əlaqədar dəhşətli faktlar bu kampaniya çərçivəsində aparılan işlər sayəsində geniş beynəlxalq ictimaiyyətə çatdırılıb, planetin bütün guşələrində milyonlarla insan erməni millətçilərinin əsl simasına bələd olub, biliblər ki, ermənilər öz sərsəm ideyalarını həyata keçirmək naminə heç nədən, hətta uşaqları belə qətlə yetirməkdən çəkinmirlər. Xocalı soyqırımının dünya miqyasında tanıdılması istiqamətində aparılan sistemli işin nəticəsidir ki, İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqının, Meksika, Pakistan, Çexiya, Peru, Kolumbiya, Panama, Honduras, Sudan, Qvatemala və Cibuti parlamentlərinin müvafiq sənədlərində Xocalıda törədilmiş kütləvi qətllərin soyqırımı aktı olduğu təsdiq edilib. Rumıniya, Bosniya və Herseqovina, Serbiya, İordaniya, Sloveniya, Şotlandiya parlamentləri, eləcə də ABŞ-ın 22 ştatının icra və qanunvericilik orqanları Xocalı faciəsini qətliam kimi qiymətləndirərək qətiyyətlə pisləyiblər. Avropa İnsan Haqları Məhkəməsi 2010-cu il 22 aprel tarixli qərarında Xocalının azərbaycanlılardan ibarət mülki əhalisinin qətlə yetirilməsinin “müharibə cinayətləri və ya insanlığa qarşı cinayətlər kimi qiymətləndirilə bilən xüsusilə ağır əməllər” olduğunu müəyyən edib. Dövlətimizin başçısının müdrik rəhbərliyi ilə misilsiz cəsarəti və qeyri-adi təşkilatçılıq bacarığı sayəsində Azərbaycan düzgün istiqamətdə irəliləyir və ildən-ilə dünyanın əksər ölkələrinə nümunə ola biləcək iqtisadi, sosial uğurlara imza atır. Onun siyasi uzaqgörənliklə, görkəmli dövlət xadimi olaraq həyata keçirdiyi əhəmiyyətli işlər, xalqa bəxş etdiyi böyük ümid və dayaq ölkəmizin hər sahədə zəfərini təmin edir. Ən böyük zəfəri isə Azərbaycan xalqına Ali Baş Komandan kim yenilməz Ordumuzun iştirakı ilə şanlı tarix yazaraq yaşatdı. 2020-ci il sentyabrın 27-də separatçı erməni qoşunlarının irimiqyaslı təxribatına cavab olaraq Azərbaycan öz torpaqlarını artıq 30 ilə yaxın davam edən işğaldan azad etmək üçün əks-hücum əməliyyatına başladı. Azərbaycan BMT-nin münaqişənin həllinə dair qəbul olunmuş 4 Qətnaməsinin tələblərini yerinə yetirmək üçün hərbi libas geyinib öz torpaqları uğrunda Vətən savaşı apardı və misilsiz qələbələr qazandı. Bu qələbənin ən böyük zirvəsini isə biz xalqımızın mədəniyyət beşiyi, Azərbaycanın baş tacı Şuşa şəhərinin işğaldan azad edilməsi xəbəri ilə sonsuz sevinc və fərəh hissilə yaşadıq. Prezidentimizin dərin zəkası, mükəmməl diplomatik fəaliyyəti və xalqımıza olan sevgisi sayəsində tarix və beynəlxalq hüquq baxımından haqlı olan Azərbaycanın diplomatiya sahəsində olduğu kimi, döyüş meydanında da haqlı mübarizəsini sonadək davam etdirərək Qarabağın yenidən ölkəmizin tərkibinə daxil olmasını təmin etdi. Beləliklə, onun müdrik rəhbərliyi ilə Qarabağ işğaldan azad olundu və bu həsrət sona çatdı.

"Çox qürurverici haldır ki, Prezidentimizin Sərəncamı ilə Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq, hər il sentyabrın 27-si Azərbaycan Respublikasında “Anım Günü” kimi, Vətən müharibəsində misilsiz Qələbənin əbədiləşdirilməsi məqsədilə isə hər il noyabrın 8-nin Azərbaycanda “Zəfər Günü” kimi təntənəli şəkildə qeyd edilməsi qərara alınıb. Eyni zamanda, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük qalibiyyətli Vətən müharibəsində düşmənə ağır zərbələr vuraraq torpaqlarımızı işğaldan azad edən Ordumuz bu şanlı Zəfərini Bakının Azadlıq meydanında keçirilən Zəfər Paradında dünyaya nümayiş etdirib. İşğaldan azad olunan torpaqlarımızda dalğalanan üçrəngli Zəfər bayrağımız parada gətirilib. Ordumuzun gücü, möhkəm hüquqi bazaya əsaslanan diplomatik qələbəmiz nəticəsində soydaşlarımız doğma yurd-yuvalarına qayıdacaq, Azərbaycanın həyatında yeni dövr başlayacaq. Bu gün xalqımız o inamın reallıqda öz əksini tapmasından qürurlanır. Prezident İlham Əliyevin dekabrın 1-də xalqa müraciətində qeyd etdiyi kimi, “Azərbaycanın müasir tarixində yeni mərhələ başlayır. Bu mərhələdə işğaldan azad olunmuş ərazilərin bərpası, məcburi köçkünlərin öz doğma yurdlarına qayıtması həyata keçiriləcək. Ən əsası isə budur ki, biz yeni mərhələyə daha güclü və qüdrətli Azərbaycanla qədəm qoyuruq". Fəxr hissi ilə qeyd etmək istəyirik ki, Auditorlar Palatası olaraq dövlətimizin başçısının rəhbərliyi ilə işğaldan azad edilən torpaqlarımızın yenidən qurulması, işğaldan əvvəlkindən də daha gözəl şəkildə dirçəldilməsi üçün üzərimizə düşən vəzifələri yerinə yetirmək əzmindəyik və əlimizdən gələni edəcəyik", - deyə F.İsmayılov vurğulayıb.

Auditorlar Palatasının icraçı direktoru Səbuhi Gülməmmədov, sədrin müşavirləri Fəqan Qarayev, Nəcəf Talıbov və palatanın əməkdaşları Vəli Rəhimov, Vasif Cavadov, Elnur İbrahimov, Elmira Behbudova, Məhluqə Hüseynova çıxışlarında baş vermiş faciəyə müxtəlif kontekstdən yanaşaraq bildiriblər ki, Xocalı faciəsi heç vaxt xalqımızın yaddaşından silinməyəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.