İDMAN
Avarçəkmə yarışlarının qalibləri təəssüratlarını bölüşüblər VİDEO
Mingəçevir, 15 iyun, Şahnəzər Bəşirov, AZƏRTAC
“Bakı-2015” birinci Avropa Oyunları çərçivəsində Mingəçevirdə keçirilən avarçəkmə yarışlarında qızıl medal qazanan Almaniya idmançıları təəssüratlarını bölüşüblər.
AZƏRTAC xəbər verir ki, çempion Sebastian Brendel Avropanın idman tarixində böyük əhəmiyyətə malik olan bu yarışda mübarizə aparmağı səbirsizliklə gözlədiyini deyib: “Belə bir mötəbər idman tədbirində iştirak etməkdən məmnunam. Bu, mənim üçün həqiqətən də yeni bir təcrübə oldu. Bizim komandamız çox güclüdür. Yarışa yaxşı hazırlaşmışdıq. Biz finala çıxmaq üçün böyük səy göstərdik və qalib gəldik”.
Almaniyalı idmançı hazırda Avropanın, hətta dünyanın gözünün Mingəçevirdə olduğunu bildirərək deyib: “Hər kəs qısa vaxt ərzində birinci Avropa Oyunlarına hazırlaşan Mingəçevirin gözəlliyini, burada mötəbər yarışların keçirilməsi üçün yaradılan yüksək şəraiti, müasir infrastrukturu görə bilir”.
Birinci Avropa Oyunlarının qızıl medalçısı Max Şoff bu mötəbər yarışların dünyada çox maraqlı idman hadisəsi olduğunu bildirib: “Şadam ki, Mingəçevirdə keçirilən bu heyrətamiz Oyunlarda Almaniya idmançıları da iştirak edirlər. Burada hər şey mükəmməldir. Rəqiblərim güclü idi. Çox şadam ki, çətinliklə də olsa, bu mühüm yarışda qalib gəldim. Sizin azarkeşlərdən dəstək gördüyüm üçün özümü xoşbəxt hiss edirəm”.
İlk Avropa Oyunlarının avarçəkmə yarışlarında birinci yeri tutan Belarus atletləri Aleksandr və Andrey Baqdanoviçlər yarışda həyəcanlı olsalar da, mübarizəni sona kimi davam etdirə bildiklərini qeyd ediblər: “Rəqiblərimiz dünyanın ən güclü atletləri idi. Bu yarış bizim üçün çox önəmli idi. Güclülərlə mübarizə aparmaq çətin olsa da, təcrübə baxımından vacibdir. Biz iki qardaş bu yarışlara ciddi hazırlaşmışdıq. Nəhayət burada gücümüzü göstərə bildik. Son 100 metrdə var gücümüzlə çalışaraq qalib gəldik. Bu möhtəşəm yarışlarda qızıl medal qazanmaq bizim üçün qürur verir”.