Aventura şəhərinin meri Xocalı faciəsi ilə bağlı bəyanat qəbul edib
AzerTAg.az
Bakı, 13 fevral, AZƏRTAC
ABŞ-ın Florida ştatının Aventura şəhərinin meri Enid Veisman şəxsən öz adından və Aventura Şəhər Komissiyasının adından “2021-ci il 26 fevral tarixinin Xocalı faciəsinin anım günü” kimi qeyd edilməsinə dair bəyanat yayıb.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, bəyanatda qeyd edilir ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Azərbaycanın Xocalı şəhərinin sakinləri, o cümlədən qadınlar, uşaqlar və yaşlılar daxil olmaqla 600-dən çox günahsız dinc insan qətliama məruz qalıb. Beynəlxalq insan hüquqları təşkilatları, o cümlədən “Human Rights Watch” bu faciəni regionun ən böyük qətliamı adlandırıb.
Xocalıda baş vermiş hadisə yad edilərək, müharibə dövrünün dəhşətləri xatırladılır, dünyadakı bütün insanlar arasında daha çox anlaşma, ünsiyyət və tolerantlığa ehtiyac duyulduğu diqqətə çatdırılır.
Bütün dünyada, o cümlədən Florida ştatında və Aventura şəhərində yaşayan azərbaycanlıların 26 fevral tarixini Xocalı faciəsi qurbanlarının xatirəsinin anım günü kimi qeyd etdiyi bildirilir.
Bəyanat Florida Azərbaycan-Amerika Mədəniyyət Assosiasiyasının prezidenti Töhfə Eminova tərəfindən edilən müraciət əsasında təşkilat adından qəbul olunub.


Xəbərin mətnində orfoqrafik səhv var