REGİONLAR


Avey Dövlət Qoruğunda festival keçirilib

Qazax, 8 iyul, Rauf Hacıyev, AZƏRTAC

UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası çərçivəsində Ağstafa Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə Qazax rayonu ərazisində yerləşən Avey Dövlət Tarix-Mədəniyyət Qoruğunun “Damcılı” bulaq və “Göyəzən” dağı filiallarında festival keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə Qazax Rayon İcra Hakimiyyətinin nümayəndələri, Gənclər və İdman Nazirliyinin təmsilçiləri, paytaxtdan gəlmiş qonaqlar və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Əvvəlcə qonaqları rəmzi olaraq Dədə Qorqud salamlayıb.

Festival çərçivəsində təşkil olunmuş sərgidə UNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş milli mətbəximizin nümunələri - dolma, lavaş, həmçinin müxtəlif xalçalar, kəlağayılar, milli musiqi alətlərimiz, eyni zamanda, Qazax Mərkəzləşdirilmiş Kitabxana Sisteminin “Nəsimi ili”nə həsr etdiyi kitab sərgisi nümayiş olunub.

Sonra qonaqlar meydanda qurulmuş çadırların ətrafında Qarabağ atlarının yürüşünə tamaşa ediblər.

Tədbiri açan Ağstafa Regional Mədəniyyət İdarəsinin rəisi Vüqar Qədirov iyunun 30-dan iyulun 10-dək paytaxtımızda keçirilən UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının ölkəmizin siyasi-ictimai həyatında, mədəniyyətimizin dünyaya tanıdılmasında əhəmiyyətini qeyd edib. Azərbaycan–UNESCO əməkdaşlığında ulu öndər Heydər Əliyevin rolundan, Prezident İlham Əliyevin mədəni irsimizin qorunub saxlanılması, təqdimatı, təbliği istiqamətində xidmətlərindən danışıb.

Qeyd edilib ki, belə bir tədbirin Azərbaycanda keçirilməsi ölkəmizin böyük uğurudur. Bu uğurda ölkə başçısı İlham Əliyevin və Birinci vitse-prezident, UNESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın müstəsna xidmətləri var. Hazırda Azərbaycandan UNESKO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına Azərbaycan muğamının, aşıq sənətinin, Novruz bayramının, xalça toxuculuğunun, tar ifaçılıq sənətinin və onun hazırlanma üsulunun, kəlağayının, Lahıc misgərlik sənətinin, lavaş, dolma kimi milli yeməklərimizin, kamançanın, Dədə Qorqud dastan mədəniyyətinin, nağıllarının və musiqisinin, Qarabağ atı ilə oynanılan Çövkən oyununun, Naxçıvanın ənənəvi qrup rəqsləri - yallı da olmaqla 13 qeyri-maddi mədəni irs nümunəsinin daxil edildiyi diqqətə çatdırılıb.

Daha sonra festival aşıq və zurnaçıların gözəl ifaları ilə və Tovuz Rayon Mədəniyyət Mərkəzi aktyorlarının hazırladığı maraqlı tamaşalarla davam etdirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.