ELM VƏ TƏHSİL
Aviasiya və Avtomobil Nəqliyyatı üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində sürücülük təlimləri təşkil olunacaq
Bakı, 17 noyabr, AZƏRTAC
Aviasiya və Avtomobil Nəqliyyatı üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin “Prodrive” Peşəkar Sürücülük Məktəbi sürücülük təlimlərinə qeydiyyat elan edir.
Peşə Təhsili üzrə Dövlət Agentliyindən AZƏRTAC-a bildirilib ki, təlim sürücülük sahəsində 5 ildən çox tədris təcrübəsinə malik Abşeron Binə Peşə Liseyi və 6 nömrəli Bakı Peşə Məktəbində həm nəzəri, həm də praktiki biliklər əsasında təşkil olunacaq. Proqram əsasında aparılan nəzəri dərslər ənənəvi və onlayn formada həftədə 3 dəfə olmaqla tədris ediləcək. Avtomobil sürmə üzrə praktiki dərslər isə mərkəzin hər iki korpusunun xüsusi avtodromlarında mexaniki və avtomatik sürət qutusuna malik avtomobillərdən istifadə edilməklə keçiləcək. Bundan əlavə, peşə təhsili müəssisəsinin müasir avtotrenajor kompleksində yer alan simulyatorlar da təlimə qatılanların istifadəsində olacaq.
Təlimlər ödənişli əsasla aparılacaq. Nəzəri təlim kursunu uğurla bitirən iştirakçılara sürücülük vəsiqəsinin alınması imtahanına təqdim etmək üçün Təhsil Naziriliyindən şəhadətnamə veriləcək.
Təlimlərə qatılmaq üçün www.prodrive.az səhifəsi üzərindən qeydiyyatdan keçmək lazımdır.