CƏMİYYƏT
Avqust 5-dən etibarən çimərliklərə getməyə icazə veriləcək
Bakı, 3 avqust, AZƏRTAC
Avqust 5-dən sərtləşdirilmiş xüsusi karantin zonasına daxil olan şəhər və rayonlarda çimərliklərə getmək mümkün olacaq.
Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a daxil olan məlumatda bildirilir.
Məlumatda qeyd olunur ki, çimərliklərdən istifadəyə Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən karantin rejiminin tələblərinə uyğun müəyyən edilən qaydalar çərçivəsində icazə verilir.
Xatırladaq ki, 2020-ci il 5 avqust saat 06:00-dan etibarən sərtləşdirilmiş xüsusi karantin zonasına daxil olan Bakı, Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron, Bərdə, Goranboy, Göygöl, Xaçmaz, Salyan rayonlarında şəxslərin yaşayış yerini və olduğu yeri SMS icazə, xidməti vəsiqə, icaze.e-gov.az portalı vasitəsi ilə tərk etmək sistemi də ləğv olunur.