İQTİSADİYYAT
Avqustda OPEC-in neft hasilatı artıb
Bakı, 12 sentyabr, Nihad Budaqov, AZƏRTAC
Avqustda Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) üzrə gündəlik xam neft istehsalı artıb.
AZƏRTAC xəbər verir ki, bu barədə OPEC-in aylıq hesabatında deyilir. Bildirilir ki, OPEC-in xam neft istehsalı avqustda iyul ayı ilə müqayisədə 278 min barrel artaraq gündəlik 32 milyon 560 min barrel olub. OPEC-in dünya neft hasilatındakı payı isə 32,9 faizə yüksəlib.
Ötən ay OPEC üzrə neft istehsalını ən çox artıran ölkə Liviya, İraq və Nigeriya olub. Liviyanın neft hasilatı 256 min barrel artaraq gündəlik 926 min barrel, İraqın istehsalı 90 min barrel çoxalaraq sutkalıq 4 milyon 649 min barrel, Nigeriyanın xam neft hasilatı isə 74 min barrel yüksələrək gündəlik 1 milyon 725 min barrel olub.
Avqustda OPEC-ə üzv ölkələrdən neft istehsalı ən çox İran, Venesuela və Əlcəzairdə azalıb. İranda neft istehsalı 150 min barrel azalaraq 3 milyon 584 min barrelə düşüb. Keçən ay Venesuelanın neft hasilatı 36 min barrel azalaraq sutkada 1 milyon 235 min barrel, Əlcəzairdə isə istehsal 14 min barrel aşağı düşərək gündəlik 1 milyon 45 min barrel olub.
Dünyada fəaliyyət göstərən neft qazma qurğularının sayı 2 min 360 olub və onların 563-ü OPEC-ə üzv ölkələrdədir.