İQTİSADİYYAT


Avqustda “OPEC+” ölkələri öhdəliklərinə 102 faiz əməl edib

Bakı, 18 sentyabr, AZƏRTAC

OPEC və qeyri-OPEC ölkələri (“OPEC+”) Meksika da daxil olmaqla neft hasilatının azaldılmasına dair öhdəliklərə cari ilin avqust ayında 102 faiz səviyyəsində əməl edib.

AZƏRTAC xəbər verir ki, bu barədə OPEC Nazirlərinin Birgə Monitorinq Komitəsinin (JMMC) videokonfrans formatında keçirilən 22-ci iclasında deyilib.

JMMC bütün dünyada iqtisadiyyatın bərpa prosesinin zəiflədiyini və bəzi ölkələrdə COVID-19-a yoluxma hallarında artım olduğunu qeyd edib. Komitə mövcud vəziyyətdə fəal və qabaqcıl olmağın vacibliyini vurğulayıb, “Əməkdaşlıq Bəyannaməsi”nin iştirakçısı olan ölkələrə ehtiyac yaranacağı təqdirdə əlavə zəruri tədbirlər görməyə hazır olmalarını tövsiyə edib.

Xatırladaq ki, “OPEC+” üzrə gündəlik neft hasilatının 2018-ci ilin oktyabr ayı səviyyəsindən 7,7 milyon barrel ixtisarı prosesi çərçivəsində Azərbaycan avqustda sutkada xam neft hasilatını 133,4 min barrel azaldıb. “Əməkdaşlıq Bəyannaməsi”nə əsasən, 2018-ci ilin oktyabr ayında gündəlik xam neft hasilatı 718 min barrel olan Azərbaycan cari ilin avqust-dekabr aylarında neft istehsalını sutkada 131 min barrel azaltmaqla 587 min barrel həcmində saxlamalıdır. Öhdəliklərin icrası məqsədilə gündəlik xam neft hasilatı 2018-ci ilin oktyabr ayındakı səviyyələrdən, “Azəri-Çıraq-Günəşli”də 567 min barreldən azaldılaraq 461 min barreldə, SOCAR (“Azneft” İB, birgə müəssisələr və əməliyyat şirkətləri) üzrə isə 151 min barreldən ixtisar edilərək 126 min barrel həcmində saxlanılmalıdır.

12 aprel tarixli “OPEC+” razılaşmasının gündəlik xam neft hasilatının ümumilikdə 7,7 milyon barrel azaldılması ilə bağlı ikinci mərhələsi 1 avqust - 31 dekabr tarixlərini əhatə edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.