Avqustda sənaye məhsullarının istehsalçı qiymətləri 4,3 faiz ucuzlaşıb
AzerTAg.az
Bakı, 10 sentyabr (AZƏRTAC). Bu ilin avqust ayında sənaye məhsullarının istehsalçı qiymətləri əvvəlki ayla müqayisədə 4,3 faiz ucuzlaşıb.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, ay ərzində daş, qum, çınqıl, duz və digər mədənçıxarma sənayesi məhsullarının hasilatı üzrə istehsalçı qiymətlərində ucuzlaşma 0,4 faiz, metal filizlərinin hasilatı üzrə 0,3 faiz, xam neft və təbii qaz hasilatı üzrə isə 4,8 faiz təşkil edib.
Emal sənayesi bölməsində istehsalçı qiymətlərinin ən çox artımı toxuculuq sənayesində (5,8 faiz), geyim (4,5 faiz) və tikinti məmulatları istehsalında (2,7 faiz) qeydə alınıb. Qida məhsullarının istehsalı üzrə 0,2 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalı üzrə 1,5 faiz, maşın və avadanlıqların istehsalı üzrə 0,8 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri üzrə 0,7 faiz, ağac emalı və ağacdan məmulatların istehsalı üzrə qiymətlər 0,4 faiz bahalaşıb.
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, su təchizatı, tullantıların təmizlənməsi və emalı bölmələri üzrə isə istehsalçı qiymətləri sabit qalıb.
Xəbərin mətnində orfoqrafik səhv var