REGİONLAR


Avqustda üzüm bağlarında mövsümi xəstəliklərə qarşı bir sıra vacib tədbirlər görülməlidir

Gəncə, 11 avqust, Elcan Məmmədov, AZƏRTAC

Son dövrlər üzüm bağlarında, xüsusən də Tovuz bölgəsindəki sahələrdə ən çox müşahidə edilən xəstəliklərdən biri “antraknoz”dur. Xəstəliyin qarşısının alınması və növbəti ilə keçməsinə mane olmaq üçün “Topsin”, “Strobi”, “Bordo” məhlulu kimi dərman preparatlarından istifadə olunmalıdır. Arabir yağışların yağması, havaların kəskin istiləşməsi üzüm bağlarında bəzi mövsümi xəstəliklərə qarşı qabaqlayıcı tədbirlərin görülməsini vacib edir. Havanın temperaturu 35-36 dərəcəyə çatanda “mildium” xəstəliyinin sporları ölür və yerini “oidium” xəstəliyinə verir.

Bu fikirləri AZƏRTAC-ın bölgə müxbirinə Dövlət Aqrar Universitetinin dosenti Sevil Abduləliyeva avqustda üzüm bağlarında mövsümi xəstəliklərə qarşı görülməli tədbirlərdən danışarkən deyib.

Mütəxəssis bildirib ki, avqust ayında əsasən tez yetişən sortların dərimi, salxımın havalanması, yaxşı işıq qəbul edə bilməsi üçün seyrəldilmə prosesi aparılır.

“Aqrotexniki tədbirlərdən sonra mütləq “oidium”a və salxımyarpaq bükəninə qarşı dərmanlanma işləri aparılmalıdır. Bu zaman üzümdə tor gənəciyi, üzüm unlu yastıcası kimi zərərvericilərə də rast gəlinir. Ancaq ən əsas xəstəlik “oidium”dur ki, onunla mübarizədə “Bordo” məhlulundan və “Tilt”, “İmpakt”, “Strobi”, “Bayleton”, “Topaz” kimi preparatlardan hektar normasına uyğun istifadə olunur”, - deyə S.Abduləliyeva qeyd edib.

“Oidium” xəstəliyi ziyanlıq təsirinə görə tənəyin ən qorxulu xəstəliyidir, el arasında siyala, unlu, tozanaq, külləmə adı ilə də tanınır. Xəstəlik zoğları, yarpaqları, çiçək qruplarını və gilələri məhv edir. Əsas xarici əlamətləri odur ki, xəstəliyə tutulmuş orqanlar kül rəngli, bəzən boz unlu təbəqə ilə örtülür. Xəstəliyə tutulmuş yarpaqlarda fotosintez prosesi pozulduğundan zoğlar zəifləyir, xəstəliyə yoluxmuş gilələr çatlayır, gilənin içərisindəki toxumlar aydın görünür, partlamış gilələr çürüyür və məhsuldarlıq aşağı düşür.

Mütəxəssis deyib ki, “oidium”a qarşı mübarizə sisteminin təkmilləşdirilməsinə, xəstəlik törədicisinin infeksiya ehtiyatının azalmasına yönəldilmiş tədqiqatlar vacibdir. Çünki son vaxtlar xəstəliyin vurduğu ziyan çox artıb. Bunları əsas tutaraq məhsul yığılıb qurtardıqdan sonra “oidium”a qarşı bir neçə dəfə funqisidlərlə çiləmənin aparılması məqsədəuyğundur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.