İQTİSADİYYAT
Avqustun 30-da keçirilən hərracda 11 nəqliyyat vasitəsi satılıb
Bakı, 30 avqust, AZƏRTAC
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən keçirilən hərraclarda vətəndaşlar yaradılmış əlverişli şəraitdən istifadə etməklə rahat şəkildə əmlak sahibinə çevrilə bilərlər. Özəlləşdirilməyə çıxarılan dövlət əmlakların müxtəlifliyi isə alıcıya seçim imkanı verir.
Xidmətdən AZƏRTAC-a bildirilib ki, avqustun 30-da keçirilən növbəti hərracda 11 nəqliyyat vasitəsi özəlləşdirilib və bəzi nəqliyyat vasitələri üzrə rəqabət qeydə alınıb. Belə ki, ilkin satış qiyməti 1800 manat olan “UAZ” markalı avtomobilə ən son təklif 4490 manatadək yüksəlib. Bundan başqa, ilkin satış qiyməti 2000 manata olan “VAZ-2106” markalı maşın 3680 manata özəlləşdirilib.
Hərracda özəlləşdirilən nəqliyyat vasitələrinin siyahısı ilə buradan tanış olmaq mümkündür: (https://bit.ly/3e4lGuz)
Məlumat üçün bildiririk ki, sentyabr ayı üzrə növbəti hərraclar sentyabrın 6, 13 və 27-də keçiriləcək.
Hər kəs Xidmətin rəsmi saytından (emlak.gov.az) və ya Özəlləşdirmə portalından (privatization.az) hərraca çıxarılan dövlət əmlakı üzrə seçim edə bilər. Elektron Xidmətlər Portalından (e-emlak.gov.az) müvafiq hərrac xidmətini seçərək qeydiyyatdan keçib, dövlət əmlakının ilkin hərrac qiymətinin 10 faizi məbləğində behi ödəyib hərracda iştirakçı statusu almaq mümkündür. Sifarişçilər hərraclara onlayn formada da qoşula bilər.
Prosesə marağı olanlar hərrac günü həm Əmlak Xidmətləri Məkanına gəlməklə, həm də Elektron Xidmətlər Portalından (e-emlak.gov.az) “Elektron hərrac” bölməsini seçərək hərracları qeydiyyatsız formada izləyə bilərlər.