CƏMİYYƏT


Avqustun 8-i Beynəlxalq Oftalmologiya Günüdür

Bakı, 8 avqust, AZƏRTAC

2004-cü ildən etibarən dünyanın bir sıra ölkələrində oftalmoloqlar avqustun 8-də öz peşə bayramlarını – Beynəlxalq Oftalmologiya Gününü qeyd edirlər. Həmin günün peşə bayramı olaraq seçilməsi göz cərrahiyyəsi sahəsində çox böyük uğurlara imza atmış böyük sovet oftalmoloqu Svyatoslav Fyodorovun doğum günü ilə əlaqədardır.

AZƏRTAC xəbər verir ki, belə bir günün təsis edilməsi ideyası Sankt-Peterburq şəhər Tibb Palatasının prezidenti Tamaz Mçelidzeyə məxsusdur. O, dünya oftalmoloqlarına həmin gün göz xəstələrinə təmənnasız məsləhətlər vermək, görmə qabiliyyəti zəif olanların müalicəsi üçün əməliyyatlar aparmaq barədə müraciət edib. Belə tədbirlərin keçirilməsi məşhur göz cərrahı S.Fyodorovun başladığı xeyriyyə işinin davam etdirilməsi və xatirəsini yad olunması məqsədi daşıyır. Həmin təşəbbüsə təkcə Rusiyada deyil, Yunanıstan, İtaliya, Çexiya, ABŞ və digər ölkələrdə də tərəfdarlar çıxıb.

Artıq on dörd ildir qeyd olunan bu gün təbabətin bu sahəsində beynəlxalq əlaqələr qurmaq və təcrübə mübadiləsi aparmaq üçün də istifadə edilir. Həmin günün təsis olunması oftalmoloji yardımı xəstələr üçün daha əlçatan etməyə yönəldilib, onlara yüksəkixtisaslı həkimlərin qəbuluna düşmək və keyfiyyətli müalicə almaq imkanı yaradıb.

Beynəlxalq Oftalmologiya Günündə diqqət oftalmologiyanın problemlərinə, əhalinin görmə ilə bağlı şikayətlərinin aradan qaldırılması istiqamətində qabaqlayıcı tədbirlərin görülməsinə yönləndirilib. Müasir oftalmoloji diaqnostika üsulları göz xəstəliklərini erkən mərhələlərdə aşkar etməyə, effektli müalicə və profilaktika aparmağa imkan verir.

Avqustun 8-də dünyanın bir çox ölkələrində oftalmoloqlar pulsuz müayinələr və əməliyyatlar həyata keçirirlər.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, dünya üzrə 180 milyona yaxın insan görmə funksiyasının pozulmasından əziyyət çəkir. Xüsusi olaraq qeyd olunub ki, görmə funksiyasını itirən insanların 82 faizi 50-dən yuxarı yaş qrupuna daxildir. Görmə funksiyasının pozulmasından əziyyət çəkənlərin 19 milyonunu uşaqlar təşkil edib.

Azərbaycanda korluğun və görmə üzrə əlilliyin profilaktikası, əhaliyə oftalmoloji yardım daim dövlətin diqqətindədir. Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi bu sahəyə öz töhfəsini verir. Mərkəz beynəlxalq standartlara cavab verən müasir diaqnostik avadanlıqlarla təchiz olunub. Mərkəzdə oftalmologiyanın bütün sahələrini əhatə edən şöbələr və yüksəkixtisaslı mütəxəssislər fəaliyyət göstərir, eyni zamanda kataraktanın qarşısını alan, qlaukoma zamanı gözün funksional vəziyyətini bərpa edən və torlu qişa qopmaları zamanı itirilmiş görməni qaytaran lazer texnologiyalarının köməyi ilə müalicə aparılır. Bu da göz xəstəliklərinin diaqnostikası və müalicəsinin keyfiyyətini, gözün müəyyən strukturlarında aparılan cərrahi əməliyyatların funksional nəticələrini qat-qat yüksəldib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.