MƏDƏNİYYƏT
Avrasiya Kitabxanalar Assambleyasının növbəti iclası Düşənbədə keçiriləcək
Bakı, 17 may, AZƏRTAC
Mayın 17-də Qırğızıstan Milli Kitabxanasında “Rəqəmsal əsrdə kitab və mütaliə” mövzusunda beynəlxalq konfrans çərçivəsində Avrasiya Kitabxanalar Assambleyasının (BAE) XXII ümumi iclası keçirilib.
Bu barədə AZƏRTAC-a Azərbaycan Milli Kitabxanasından məlumat verilib.
Bildirilib ki, iclasda Rusiya Dövlət Kitabxanasının baş direktoru Vadim Duda, BAE-nin prezidenti, Rusiya Dövlət Kitabxanasının baş direktorunun müavini Aleksandr Vısli, Qırğızıstan Milli Kitabxanasının direktoru, professor Jıldız Bakaşova, Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov, BAE-nin baş direktoru Mariya Neryuyeva, Qazaxıstan Milli Kitabxanasının direktoru Bakıtjamal Ospanova, Belarus Milli Kitabxanasının direktoru Roman Motulski və digər assambleyaya üzv ölkələrin Milli Kitabxana direktorları iştirak ediblər.
İclasda BAE-nin hesabatı haqqında məlumat verilib, MDB ölkələrinin kitabxanalarında islahatların aparılması, cəmiyyətin çoxfunksiyalı sosiomədəni mərkəzlərə çevrilməsi, kitabxanaçı mütəxəssislərinin hazırlanması sahəsində əməkdaşlıq imkanlarının yaradılması və s. məsələlər müzakirə edilib, növbəti iclasın 2020-ci ildə Tacikistanın paytaxtı Düşənbə şəhərində keçiriləcəyi qərara alınıb.