CƏMİYYƏT
Avrasiya Media Şəbəkəsi Macarıstanın və Pakistanın aparıcı media orqanları ilə əməkdaşlıq edəcək
Bakı, 19 noyabr, AZƏRTAC
Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) tərəfindən təsis edilən Avrasiya Media Şəbəkəsi xarici media şəbəkələri ilə əməkdaşlığı genişləndirir. Avrasiya Media Şəbəkəsi Macarıstanın “Reporter Community LTD” media şirkəti və Pakistanın “Asianet-Pakistan” internet portalı ilə media sahəsində birgə əməkdaşlıq sazişi imzalayıb.
BAMF-ın mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, sazişi Avrasiya Media Şəbəkəsinin təsisçisi, BAMF-ın sədri Umud Mirzəyev, xarici media orqanlarından isə “Reporter Community LTD” media şirkətinin baş direktoru Norbert Hajdu və Pakistanın “Asianet-Pakistan” internet portalının təsisçisi və sədri Oveys Aslam Əli imzalayıblar.
Qısa məlumat üçün deyək ki, Pakistanın “Asianet-Pakistan” internet portalı 2001–ci ildən fəaliyyət göstərir. Portalın əsas məqsədi dünya üzrə ictimai, siyasi, iqtisadi və sosial xarakterli ən vacib xəbərləri əhatə edərək, oxucularına obyektiv və dəqiq informasiya çatdırmaqdır. Portalın təsisçilərindən biri və sədri Oveys Aslam Əli (Owais Aslam Ali) isə Pakistanın tanınmış jurnalistlərindəndir. O, eyni zamanda, Pakistanda jurnalistlərin hüquqlarının qorunmasını həyata keçirən təşkilata rəhbərlik edir və Beynəlxalq Mətbuat İnstitutunun idarə heyətinin üzvüdür.
“Reporter Community LTD” media şirkəti isə xüsusilə yeni texnologiyaların inkişafına diqqət yetirən media orqanıdır. Macarıstanın tanınmış media mütəxəssisləri Norbert Hajdu və Tibor Szoke tərəfindən 2015-ci ildə yaradılan bu media orqanı, eyni zamanda, ictimai-siyasi xarakterli mövzularda materiallarla daimi oxucularının qarşısına çıxır.