ELM VƏ TƏHSİL
Avrasiya Universitetləri Həmkarlar Təşkilatları Assosiasiyasının növbəti qurultayı Bakıda keçiriləcək
Bakı, 17 sentyabr, AZƏRTAC
Rusiya Federasiyası Kareliya Respublikasının paytaxtı Petrozavodsk şəhərində Avrasiya Universitetləri Həmkarlar Təşkilatları Assosiasiyasının “Avrasiya məkanında regionların sosial inkişafı” mövzusunda otuz birinci qurultayı keçirilib.
Azərbaycanı bu tədbirdə Bakı Dövlət Universiteti (BDU) Həmkarlar İttifaqı Komitəsinin sədri, dosent Fikrət Şiriyev təmsil edib.
BDU-dan AZƏRTAC-a bildiriblər ki, altı ölkənin 50-dək universitetindən olan nümayəndələrin iştirak etdikləri qurultayın plenar iclasında çıxış edən F.Şiriyev Azərbaycan ali məktəblərində həmkarlar təşkilatlarının rolu, universitetlərə dövlət qayğısı, həmçinin ölkəmizdə regionların inkişafı ilə bağlı qəbul edilmiş proqramlar, onların həyata keçirilməsi istiqamətində atılan addımlardan danışıb.
Məruzədə son illərdə Azərbaycanda keçirilən beynəlxalq tədbirlər, humanitar forumlar, multikulturalizm sahəsində əldə edilən uğurlar, regionların inkişafı barədə məlumat verilib.
Sonra Petrozavodsk Dövlət Universitetində qurultayın bölmə iclasları keçirilib. Assosiasiyanın vitse-prezidenti olan Fikrət Şiriyev bölmə iclaslarının birinə sədrlik edib. O, qurultayın keçirildiyi Kareliya Respublikasında həmkarlar təşkilatlarının yaranmasının 100 illiyinə həsr edilmiş tədbirə də qatılıb.
Qurultayın yekun iclasında 2019-cu ildə Avrasiya Universitetləri Həmkarlar Təşkilatları Assosiasiyasının növbəti qurultayının Bakıda keçirilməsi ilə bağlı qərar qəbul olunub.