İDMAN
“Avro-2016”: İrlandiya-İsveç görüşü 1:1 hesabı ilə heç-heçə başa çatıb VİDEO
Bakı, 13 iyun, AZƏRTAC
İyunun 13-də futbol üzrə XV Avropa çempionatında daha bir oyun keçirilib.
AZƏRTAC xəbər verir ki, günün ikinci matçında “E” qrupunda İrlandiya ilə İsveç yığmaları qarşılaşıb. Parisin “Stade de France” stadionunda oynanılan görüş 1:1 hesabı ilə heç-heçə başa çatıb.
Oyunu serbiyalı baş hakim Milorad Maziç idarə edib. Ona həmyerliləri Milovan Ristiç və Dalibor Curcyeviç kömək ediblər.
Qarşılıqlı hücumlar şəraitində keçən oyunun ilk hissəsində hər iki komandanın futbolçularının hesabı açmaq imkanları olsa da, onlar bu imkanlardan istifadə edə bilməyiblər.
Sürətli hücumlarla başlayan görüşün ikinci hissəsinin 48-ci dəqiqəsində irlandiyalı Ues Hulahan hesabı açıb. Bundan 23 dəqiqə sonra İsveç komandasının lideri Zlatan İbrahimoviçin sol cinahdan zərbəsindən sonra irlandiyalı futbolçu Kiaran Klark topu öz qapısından keçirib -1:1. Oyun bu hesabla da başa çatıb.
Günün üçüncü görüşündə isə “E” qrupunun favoriti hesab edilən italyanlar Belçika millisi ilə üz-üzə gələcək. Oyun Lion şəhər stadionunda keçiriləcək və saat 23:00-da başlayacaq. İngiltərəli Mark Klattenburqun idarə edəcəyi qarşılaşma İctimai Televiziya ilə birbaşa yayımlanacaq.
Xatırladaq ki, Tuluza şəhərindəki eyni adlı stadionda keçirilən günün ilk oyununda (“D” qrupu) İspaniya millisi Çexiyanı 1:0 hesabı ilə məğlub edib.