İDMAN
“Avro-2016”: İspaniya yığması Çexiya millisinin müqavimətini oyunun sonunda qıra bilib VİDEO
Bakı, 13 iyun, AZƏRTAC
İyunun 13-də - futbol üzrə XV Avropa çempionatının dördüncü günündə “D” qrupunda yer alan İspaniya və Çexiya milliləri üz-üzə gəlib. Gərgin idman mübarizəsi şəraitində keçən görüşdə ispaniyalılar minimal hesabla qalib gəliblər.
AZƏRTAC xəbər verir ki, Tuluz şəhərindəki eyni adlı stadionda keçirilən qarşılaşmanı polşalı baş hakim Szimon Marçiniak idarə edib.
Sürətli hücumlarla başlayan görüşün birinci hissəsinin ilk on dəqiqəsində çexiyalılar daha fəal olsalar da, sonrakı dəqiqələrdə təşəbbüsü tamamilə ələ alan ispanlar bir neçə təhlükəli qol vəziyyəti yaradıblar. Lakin Pireney təmsilçisinin təhlükəli hücumlarına baxmayaraq, Çexiya yığmasının müdafiə xəttinin, xüsusilə qapıçı Peter Çexin səhvsiz və inamlı oyunu ilk hissədə hesabın açılmasına imkan verməyib.
Matçın ikinci hissəsində də çoxsaylı qol vəziyyətləri yaradan ispaniyalılar yalnız oyunun sonuna yaxın Çexiya komandasının müqavimətini qıra biliblər. Qarşılaşmanın 87-ci dəqiqəsində İniyestanın cərimə meydançasına gözəl ötürməsini Pike başla dəqiq tamamlayaraq hesabı açıb – 1:0. Bu, oyunda yeganə qol olub və ispaniyalı yığması Çexiya millisi üzərində çətin qələbə qazanıb.
Qeyd edək ki, bu qarşılaşma ispaniyalı David Silvanın milli komandanın heyətində 100-cü oyunu olub.
Bu qrupun iyunun 12-də keçirilən ilk oyununda Xorvatiya millisi Türkiyə yığmasını 1:0 hesabı ilə məğlub etmişdi. Beləliklə, ilk turdan sonra “D” qrupunda İspaniya və Xorvatiya üç xalla birinci-ikinci yerləri bölüşürlər. Aktivlərində xal olmayan Türkiyə və Çexiya komandaları isə qrupda üçüncü-dördüncü yerdədir.