İDMAN
“Avro-2016”: Macarıstan yığması Avstriya millisinə qalib gəlib VİDEO
Bakı, 14 iyun, AZƏRTAC
İyunun 14-də - futbol üzrə XV Avropa çempionatının beşinci günündə “F” qrupunda yer alan Avstriya və Macarıstan yığma komandaları qarşılaşıb. “Stad de Bordo” stadionunda oynanılan görüşü fransalı referi Klemen Turpin idarə edib.
AZƏRTAC xəbər verir ki, gərgin idman mübarizəsi şəraitində keçən görüşün ilk hissəsi qolsuz heç-heçə ilə başa çatıb.
Fasilədən sonra komandalar hesabı açmaq üçün səyləri daha da artırıblar. Matçda daha gözəl oyun nümayiş etdirən Macarıstan yığmasının hücumları 62-ci dəqiqəsində bəhrəsini verib. Fiola ilə Szalai divar ötürmələri ilə Avstriyanın müdafiə xəttini asanlıqla yarıblar. Bu kombinasiyadan sonra avstriyalı qapıçı Almer ilə təkbətək qalan Szalai mübarizədən qalib ayrılıb – 1:0.
Oyunun 66-cı dəqiqəsində isə avstriyalıların heyətində Draqoviç ikinci dəfə sarı vərəqə alaraq meydandan qovulub.
Matçın 87-ci dəqiqəsində Avstriya yığmasını əks-hücumda yaxalayan Macarıstan millisi hesab arasındakı fərqi artırıb. Prişkinin ötürməsindən sonra sürətlə rəqibin cərimə meydançasına daxil olan Stiber topu qapıçının başı üzərindən qapıya göndərib – 2:0.
Xatırladaq ki, qrupun digər oyununda Portuqaliya və İslandiya milliləri qarşılaşacaq.