İDMAN
“Avro-2016”: Portuqaliya ilk oyunda İslandiyanın müqavimətini qıra bilməyib VİDEO
Bakı, 15 iyun, AZƏRTAC
İyunun 14-də futbol üzrə XV Avropa çempionatının “F” qrupunun ikinci oyununda Portuqaliya və İslandiya milli komandaları qarşılaşıb.
AZƏRTAC xəbər verir ki, Sent-Etyen şəhərindəki “Cefri Quşar” stadionunda keçirilən matçı türkiyəli baş hakim Cüneyd Çakır idarə edib.
Avropa çempionatının debütantı İslandiya yığmasının qapısı qarşısında bir neçə təhlükəli vəziyyət yaradan Portuqaliya millisi 31-ci dəqiqədə hesabı açıb. Portuqaliyalıların sağ cinahdan başlatdıqları hücumda Andre Qomeşin ötürməsindən sonra Nani yaxın küncü dəqiq nişan alıb - 1:0. İlk hissə bu hesabla da başa çatıb. Bu, Portuqaliya millisinin Avropa çempionatlarının final mərhələlərində 41-ci qolu olub.
Portuqaliya yığması fasilədən sonra da bir neçə qol vəziyyəti yaradıb. Lakin bu, hesabın bərabərləşməsinə mane olmayıb. Oyunun 50-ci dəqiqəsində Yohan Qudmunsonun ötürməsindən sonra rəqib müdafiəçilərin səhvindən istifadə edən Birkin Byarnason hesabı bərabərləşdirib - 1:1.
Qoldan sonra portuqaliyalılar təşəbbüsü tam ələ alaraq bir-birinin ardınca çoxsaylı qol vəziyyətləri yaradıblar. Lakin portuqaliyalılar 20-dən çox qol cəhdinə baxmayaraq, islandiyalıların qapısına ikinci dəfə yol tapa bilməyiblər və matç bu hesabla da başa çatıb.
Qeyd edək ki, bu matç "Avro-2016" ın qrup mərhələsinin ilk turunun sonuncu oyunu olub. İlk turdan sonra "F" qrupuna üç xalla Macarıstan yığması başçılıq edir. Aktivlərinə bir xal yazdıran Portuqaliya və İslandiya yığmaları ikinci-üçüncü yerləri bölüşürlər. İlk oyunda məğlubiyyətlə üzləşən Avstriya millisi isə sonuncu pillədə qərarlaşıb.
Qrup mərhələsinin ikinci turu çərçivəsində iyunun 18-də Portuqaliya-Avstriya və Macarıstan-İslandiya oyunları keçiriləcək.