İDMAN
“Avro-2016”: Son dünya çempionu Almaniya yığmasından uğurlu start VİDEO
Paris, 13 iyun, AZƏRTAC
İyunun 12-də Avropa çempionatında “C” qrupunun ikinci oyunu keçirilib.
Fransanın Lil şəhərindəki “Pyer –Morua” stadionunda baş tutan qarşılaşmada Almaniya və Ukrayna milliləri üz-üzə gəlib. İngiltərəli baş hakim Martin Atkinsonun idarə etdiyi oyunun 19-cu dəqiqəsində Almaniya millisinin üzvü Şkodran Mustafi komanda yoldaşı Toni Krosun ötürdüyü topu başla qapıdan keçirərək hesabı açıb.
Matçın əsas vaxtına əlavə edilmiş 2-ci dəqiqədə Bastyan Şvaynştayqer ikinci topu rəqib qapısından keçirib - 2:0. Beləliklə, görüş Almaniya yığmasının 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris